www.science.az
14.09.2015 07:29

AMEA Hüseyn Cavidin Ev Muzeyində Turan Cavidin xatirəsi anılıb

Sentyabrın 12-də böyük şair və dramaturq Hüseyn Cavidin qızı, pedaqoq, mətnşünas Turan Cavidin vəfatından 11 il ötür. Bununla əlaqədar AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində mərasim keçirilib, Turan Cavidin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirib ki, Turan Cavid bütün həyatını və fəaliyyətini Hüseyn Cavid irsinin toplanması, tədqiqi və təbliğinə həsr edib.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev dahi Cavidin yaradıcılığına daim böyük əhəmiyyət verib, Turan Cavidə diqqət və qayğı göstərib. Ulu Öndərin təşəbbüsü və Turan Cavidin iştirakı ilə yaradılan AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi bu gün Cavidlər ailəsinin irsi ilə bağlı işləri uğurla davam etdirir.

G.Babaxanlı layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabı haqqında da ətraflı məlumat verib. Bildirilib ki, nəşrdə Turan Cavidin şəxsiyyəti, onun ictimai fəaliyyəti barədə 100-ə yaxın mətn və 300-dən artıq foto və sənəd yer alıb.

Sonra Turan Cavidin muzeydəki fəaliyyətini əks etdirən fotoslayd nümayiş etdirilib.

Tədbir iştirakçıları Turan Cavidə məxsus əşyalar və sənədlərdən ibarət sərgi ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir