AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” adlı növbəti kitabı işıq üzü görüb. Monoqrafiya dəyişən mədəni kontekst şəraitində Qeyri-Qərb ölkələrində postmodernist indikatorların fəlsəfi dərkinə həsr olunub.
Kitab müəllifin bundan əvvəlki “Postmodern və multikulturalizm: elmlərarası diskurs” adlı monoqrafiyasının ideyalarını inkişaf etdirən müstəqil tədqiqatdır. Nəşrdə ictimai şüurun transformasiyası, postmoderndə din, habitus, identiklik, bədən siyasəti, simvolik təmsillər və s. məsələlər təhlil olunub. Kitabda sosio-mədəni məzmunun müxtəlifliyi ilə şərtlənmiş postmodernin kontekstində “Qərb – Qeyri-Qərb” dixotomiyası, həmçinin postsovet cəmiyyətləri işıqlandırılır.
Monoqrafiya alimlərə, postmodernizm və multikulturalizm anlayışları ilə bu və ya digər dərəcədə əlaqədar proseslərin problematikasını, “Qərb – Qeyri-Qərb” paradiqmasını, Qeyri-Qərb müasirliyini, ümumiyyətlə sosiomədəniyyəti tədqiq edən mütəxəssislərə və müasir fəlsəfə ilə maraqlananlara tövsiyə olunur. Kitab dərs vəsaiti kimi də istifadə oluna bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir