Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Rusiyada ölkəmizi təmsil edib
02.10.2015 11:17
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Rusiyada ölkəmizi təmsil edib

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Rusiya Federasiyasının Kostroma şəhərində elmi ezamiyyətdə olub.

E.Əlizadə Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (EABA) və Rusiya Elmlər Akademiyasının  (REA) Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi şuralarının təşkilatçılığı ilə Rusiyanın Kostroma şəhərində keçirilən “Konstruktiv coğrafi fikirlər və fundamental coğrafi tədqiqatların inkişafı” mövzusunda elmi sessiyada ölkəmizi  təmsil edib. Sayca 19-cu sessiyada Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və s. coğrafiya istiqamətli elmi-tədqiqat institutlarının rəhbər işçiləri,  ölkələrin alim və mütəxəssisləri iştirak ediblər.

Coğrafi biliklərin təsərrüfata tətbiqinə əsaslanan konstruktiv coğrafiyanın yaranmasında və inkişafında böyük rol oynamış akademik İ.P.Gerasimovun 110 illiyinə həsr olunmuş konfransın əsas müzakirə obyekti konstruktiv coğrafiyanın müasir problemləri, onun inkişafında yaranan yeni istiqamətlər, əldə olunmuş elmi nəticələr, coğrafiya və cəmiyyət arasındakı qarşılıqlı əlaqələr, xüsusilə siyasi coğrafiyanın inkişafı və dünyada yaranmış yeni siyasi çağırışlara coğrafiyaçıların cavabı və s. olub.

Azərbaycanlı alimin konfransın plenar iclasında səsləndirdiyi “Azərbaycanda struktur-geomorfoloji tədqiqatların inkişafı (İ.P.Gerasimovun fikirləri əsasında)” mövzusunda  məruzəsi  iştirakçılar tərəfindən  böyük maraqla qarşılanıb.

Tədbirin sonunda baxılan məsələlərin EABA-nın 2016-cı ildə Ulan-Ude şəhərində keçiriləcək növbəti- 20-ci sessiyasında daha geniş müzakirə olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: