www.science.az
05.10.2015 15:34

AMEA-nın vitse-prezidenti İbrahim Quliyev Rusiyada ezamiyyətdə olub

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev 1-4 oktyabr tarixlərdə Rusiyanın paytaxtı Moskvada ezamiyyətdə olub. Əsas məqsəd Rusiya Federasiyasının Fundamental Tədqiqatlar Fondunda nəzərdə tutulmuş görüşlərdə iştirak etmək idi.

Gorüşdə Fundamental Tədqiqatlar Fondunun Yer, insan və cəmiyyət haqqında elmlər idarəsinin rəisi, professor Jmur Vladimir Vladimiroviç, Fondun sədr müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vladimir Kvardakov, Beynəlxalq əlaqələr idarəsinin rəisi Şaripov Oleq Vasilyeviç, Beynəlxalq əlaqələr idarəsinin Postsovet məkanında çoxtərəfli beynəlxalq problemlər və əməkdaşlıq bölməsinin rəisi Sorokotyaqa Yaroslav Viktoroviç və  həmin şöbənin rəis müavini, kimya üzrə fəlsəfə doktoru Bumaqina İrina Qriqoryevna iştirak ediblər.

Birgə müzakirələr zamanı qərara alınıb ki, yaxın gələcəkdə Rusiyanın Fundamental Tədqiqatlar Fondu, AMEA və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birgə üçtərəfli saziş imzalansın. Saziş çərçivəsində AMEA-da həyata keçirilən fundamental tədqiqatlar, o cümlədən bir sıra multidissiplinar elmi istiqamətlər üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulub.

Sonda akademik İ.Quliyev Rusiyanın Fundamental Tədqiqatlar Fondunun rəhbərini AMEA-nın noyabr ayında keçiriləcək  70 illik yubileyində iştirak etməyə dəvət edib.

Qeyd edək ki, üçtərəfli sazişin məhz Akademiyanın yubileyi ərəfəsində imzalanması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir