www.science.az
06.10.2015 14:54

Görkəmli alim Nadir Seyidov son mənzilə yola salındı

Oktyabrın 6-da  AMEA-nın Əsas binasında Azərbaycanın tanınmış kimyaçı alimi, “Şöhrət” və “Şərəf” ordenli, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən biri, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, akademik Nadir Seyidovla vida mərasimi keçirildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərhumun cənazəsi önünə Azərbaycan Respublikasının Prezidenti, hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Vida mərasimini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli alim Nadir Seyidovun səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışdı.

Alimin elmi məktəb yaratdığını, bütün mənalı ömrünü kimya elminin inkişafına həsr etdiyini vurğulayan AMEA-nın vitse-prezidenti qeyd etdi ki, akademik Nadir Seyidov uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına sanballı töhfələr vermişdir.

Bildirildi ki, akademik Nadir Seyidov neft-kimya sintezi və yüksək molekullu birləşmələr sahəsində fundamental araşdırmaları ilə tanınırdı. Onun tədqiqatlarında bu sahənin ən aktual məsələləri öz elmi həllini tapmış və alınan nəticələr yüksək praktik əhəmiyyəti ilə səciyyələnmişdir. Alimin rəhbərliyi altında yeni sintetik kauçukların istehsal texnologiyası və onların sənayedə tətbiqi üçün tövsiyələr işlənib hazırlanmış, eləcə də sintetik yağlar və aşqarlar alınması istiqamətində geniş tədqiqat işləri həyata keçirilmişdir. Neft-kimya prosesində istifadə edilən, yüksək səmərəliliyə malik bir sıra yeni katalizatorların alınması və tətbiqi Nadir Seyidovun adı ilə bağlıdır.

Vida mərasimində Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev, akademiklər Abel Məhərrəmov, Vaqif Abbasov, Vaqif Fərzəliyev, Akif Əzizov çıxış edərək alimin Azərbaycanın kimya elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açdılar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdilər.

Mərhumun ailəsi adından çıxış edən oğlu Vüqar Seyidov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirdi.

Şərəfli ömür yaşamış Nadir Seyidovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Sonra alimin cənazəsi son mənzilə yola salındı. Mərhum 2-ci Fəxri Xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir