Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Telman Ağayevin 80 yaşı tamam olur
09.10.2015 14:53
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Telman Ağayevin 80 yaşı tamam olur

Oktyabrın 10-da tanınmış bioloq alim, Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üz­vü Telman Ağayevin 80 yaşı tamam olur.

Telman Ağayev 1935-ci il oktyabr ayının 10-da Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonunun Vaqudi kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsini bitirmişdir.

1969-cu ildə “Mədə reseptorlarının qıcıqlanması zamanı baş beyində zülal və aminli turşuların mübadiləsi” mövzusunda namizədlik, 1983-cü ildə “Beynin görmə analizatorunun stukturlarında qlutamin turşusu sisteminin formalaşmasının yaş xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1993-1995-ci illərdə Azərbaycan EA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1995-2013-cü illərdə institutun direktoru vəzifəsində çalışmışdır.

T.Ağayev təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssisdir. O, filo- və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mər­kəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və ardıcıl davamçısı kimi tanınır.

Alimin elmi işlərinin əsas istiqamətini biokimyəvi tədqiqatlar, o cümlədən heyvanlarda görmə, eşitmə və digər sensor funksiyaların formalaşmasında beynin qlutamin turşusu və biogen aminləri tənzimedici sisteminin rolu, bu proseslərin neyrokimyəvi əsaslarının fundamental tədqiqi təşkil edir. O, tədqiqatlarına əsaslanaraq təkamül və yaş fiziologiyası, biokimyasının bəzi mühüm elmi müddəalarını, funksional neyrokimyanın perspektiv istiqamətlərini irəli sürərək, filo- və ontogenezdə analizator sistemlərinin normal inkişafı və funksiyalarının pozulduğu şəraitdə beyin strukturlarında metabolik dəyişikliklərin kompleks tədqiqini aparıb.

T.Ağayevin elmi tədqiqat istiqamətlərindən biri də hey­vanlarda müxtəlif inkişaf mərhələlərində görmə və eşitmə sensor funksi­ya­ların tənzimində məlumatların nəqli və beyin mərkəzlərində yenidən işlən­məsinin neyrokimyəvi əsaslarının və bu proseslərdə neyromediatorların rolu­­nun öyrənilməsi olub.

Alim 320-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 37 fəlsəfə doktoru hazırlanıb.

Azərbaycan Biokimya Cəmiyyətinin sədri, Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü, Fizioloqlar Cə­miy­yətinin prezidentidir. AMEA-nın “Xəbərləri” (biologiya və tibb elmləri seriyası), “Eko­energetika” və Gürcüstan EA “Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvüdür. YUNESKO-nun etika, bioetika və texnologiya üzrə milli komitəsinin və Beyin tədqiqat­çıları üzrə Beynəlxalq Təşkilatın üzvüdür.

2013-cü ildə Avropa Elmi-Sənaye Palatası tərəfindən peşəkar fəaliyyətinə görə diplom və qızıl medalla təltif edilib.

Tanınmış bioloq alimi 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: