Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.10.2015 11:36
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana oxucuların istifadəsinə verilib

Mərkəzi Elmi Kitabxana oxucuların istifadəsinə verilib

Oktyabrın 14-də AMEA-nın 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində Mərkəzi Elmi Kitabxananın (MEK) oxucuların istifadəsinə verilməsi münasibətilə rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezidentlər, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri, KİV təmsilçiləri və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Müasir tələblərə cavab verən Mərkəzi Elmi Kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilmişdir. Həmin ilin noyabrında dövlətimizin başçısı kitabxananın yeni binasının təməlini qoymuşdur. Ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlər ilk dəfə məhz bu kitabxanada tətbiq olunmuşdur. 2014-cü il mayın 5-də Mərkəzi Elmi Kitabxananın yeni binasının açılışı olmuşdur.

Qeyd edilib ki, MEK respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. Burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur.

İ.Həbibbəyli kitabxananın elektron kataloqunun yaradılması istiqamətində işlərin başa çatmaq üzrə olduğunu bildirib.

Sonra çıxış edən Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hami kitabxananın böyük imkanlara malik olduğunu vurğulayıb: “Elm, mədəniyyət gələcəyə, hədəflərə çatmaq üçün lazımdır. Ümid edirəm ki, bu kitabxana, bu mərkəz hədəflərə çatmaq üçün vəsilə olacaq”.

Digər çıxış edənlər də Mərkəzi Elmi Kitabxananın Azərbaycan elmi ictimaiyyəti üçün böyük töhfə adlandırıb, kitabxananın işinə uğurlar arzulayıblar.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova müasir tələblərə cavab verən kitabxananın strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.

Sonra iştirakçılar kitabxananın binası ilə tanış olublar.

Tədbir bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: