Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

14.10.2015 16:47
  • A-
  • A
  • A+

Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti araşdırılır

Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti araşdırılır

Thomson Reuters (TR) Agentliyinin Biliklər Bazası, bu bazanın imkanları, həmçinin bazaya daxil olan elmi jurnalların seçilmə meyarları elmi jurnalların fəaliyyətinin dəyərləndirilməsində ən mötəbər mənbədir.

Bu fikirləri Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev AMEA Rəyasət Heyətinin iclasında "Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti" mövzusunda məruzə ilə çıxışı zamanı səsləndirdi. Qeyd etdi ki, Azərbaycanda dərc olunan, Thomson Reuters Agentliyinin Biliklər Bazasına daxil olan 3 elmi jurnal haqqında informasiya göstərir ki, "Applied and Computational Mathematics" jurnalı hələ də təsir əmsalına malik yeganə Azərbaycan jurnalıdır. Bildirdi ki, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin "Nəzəri və tətbiqi riyaziyyat" jurnalı və Xəzər Universitetinin "Xəzər Humanitar və Sosial Elmlər" jurnalı Thomson Reuters daxilində yaradılmış “Emerging Sources Citation Index” bazasında yer almışdır.

Akademik F.Əliyevin sözlərinə görə, Azərbaycanda 300-ə qədər elmi jurnal dərc olunur ki, bunlardan yalnız 18-i seçim üçün Thomson Reuters Agentliyinin Biliklər Bazasının texniki tələblərini ödəyir.

Sonda AMEA Rəyasət Heyəti məruzə ilə bağlı müvafiq qərarlar qəbul etdi. Akademik Fikrət Əliyevə Azərbaycanda elmi nəşrlərin, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi jurnallarının beynəlxalq bazalara inteqrasiyası səviyyəsinin yüksəldilməsi üçün əməli təkliflər hazırlayıb Rəyasət Heyətinə təqdim etməsi tapşırıldı.

Qərarın icrasına nəzarət AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədova həvalə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: