Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov İtaliyada keçirilən beynəlxalq tədbirdə iştirak edib
15.10.2015 12:03
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov İtaliyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, Mədəni Bitkilərin Genetik Ehtiyatları üzrə Elmi-Texniki Şuranın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov İtaliyada elmi ezamiyyətdə olub. O, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Sazişinin Rəhbər Orqanının Roma şəhərində keçirilən 6-cı Sessiyasında Azərbaycanı bitki genetik ehtiyatları üzrə Milli Əlaqələndirici kimi təmsil edib.

Bir həftə davam edən və dünyanın 150-dən çox ölkə nümayəndəsinin iştirak etdiyi bu mötəbər beynəlxalq tədbirdə qlobal ekoloji dəyişikliklər fonunda bitki genetik ehtiyatlarının (BGE) mühafizəsinin mövcud vəziyyəti, mübadilə və səmərəli istifadəsi ilə bağlı milli qanunvericiliklər, dövlətlərin hüquq və vəzifələri, beynəlxalq qanunvericiliyin və əlaqələndirmənin yaxşılaşdırılması problemləri, seleksiyaçıların və fermerlərin hüquqları, BGE üzrə Qlobal İnformasiya Sisteminin gücləndirilməsi məsələləri geniş müzakirə mövzuları olub.

Sessiyanın gedişində AMEA-nın müxbir üzvü Z.Əkpərov Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Sazişin Rəhbər Orqanının sədri Dr. Şakil Bhatti, eləcə də FAO-nun Genetik Ehtiyatlar Komissiyasının rəhbər vəzifəli şəxsləri ilə rəsmi və qeyri-rəsmi görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Dr.Şakil Bhatti və FAO rəsmiləri son illərdə Azərbaycanda mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində milli qanunvericiliyin və idarəetmənin yaxşılaşdırılmasından, elmi, texniki və təlim fəaliyyətlərinin intensivləşdirilməsindən, beynəlxalq münasibətlərdə ölkənin tutduğu mövqedən məmnunluq ifadə ediblər. Həmçinin AMEA GEİ-nin Milli Əlaqələndirici institut kimi fəaliyyətini də təqdir etdiklərini bildiriblər. Z.Əkpərov vurğulayıb ki, Azərbaycan Beynəlxalq Sazişə hələlik qoşulmasa da, onun rəhbər orqanı, tərəfləri və FAO-nun strukturları ilə müvafiq sahələrdə hərtərəfli əməkdaşlıq əlaqələri saxlayır və daim inkişaf etdirir. O, Azərbaycanın regionda BGE sahəsində aparıcı roluna diqqət çəkmiş, ölkənin ən qısa zamanda Beynəlxalq Sazişin tam hüquqlu üzvü olması istiqamətində atılan addımlardan danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: