Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kitabi-Dədə Qorqud”da işlənən Naxçıvan toponimləri
04.11.2015 09:48
  • A-
  • A
  • A+

“Kitabi-Dədə Qorqud”da işlənən Naxçıvan toponimləri

Ölkə Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli sərəncamı ilə əlaqədar Naxçıvanda mühüm işlər görülür. Tədbirlər planına uyğun olaraq Naxçıvanşünaslıq mərkəzində, ümumtəhsil və ali məktəblərdə açıq dərslər keçilir, “dəyirmi masa”lar təşkil edilir, yerli televiziya və radioda silsilə verilişlər təşkil olunur. Dədə Qorqud beynəlxalq elmi simpoziumunun yüksək səviyyədə təşkilinə ciddi hazırlıq görülür. 

Əsrlər boyudur ki, ulu əcdadımız, soykökümüz olan oğuz tayfa adları mənəvi dünyamızda, qəlbimizdə, dilimizdə yaşayaraq zəmanəmizə qədər gəlib çatmışdır. Belə adları yaşadan mənbələr sırasında dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutan, türk xalqlarının möhtəşəm yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un mühüm rolu və müstəsna əhəmiyyəti vardır. “Xalqın şah əsəri, ana kitabı” olan “Dədə Qorqud” dastanında oğuz türklərinin tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni və təsərrüfat həyatı, folkloru, dili, coğrafiyası, qəhrəmanlıq tarixi, milli mənəviyyatı, eləcə də qədim şəxs və ata adları, onqonlar, titullar, ölkə, xalq, tayfa, nəsil, tirə, qəbilə, heyvan, dağ, daş, qala, ərazi, sahə adları əksini tapmışdır. Odur ki, dastan soykökümüzü, milli kimliyimizi, dilimizin qədim toponimlərini öyrənmək baxımından çox etibarlı və zəngin mənbələrdən biridir.

“Dədə Qorqud” qədim yurd yerimiz olan Dərbənddən tutmuş Azərbaycan, Gürcüstan, indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan və Türkiyə ərazilərini əhatə etmiş, Naxçıvan və ətraf ərazilər oğuz qəhrəmanlarının at oynatdığı, qılınc çəkdiyi yer olmuşdur. “Dədə Qorqud”da baş vermiş hadisələrin xeyli qismi Naxçıvanda cərəyan etmiş, bu ərazi dastan qəhrəmanlarının yurd yeri, ata-baba məskəni olmuş, ulu oğuzların şanlı tarixi Azərbaycanda yazılmışdır.

Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”la əlaqədar keçirilən dövlət komissiyasının iclasında bununla bağlı demişdir: “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

Naxçıvan özünün çoxəsrlik tarixi, zəngin təbii şəraiti və əlverişli coğrafi mövqeyi, ictimai, siyasi, iqtisadi qüdrətinə görə şan-şöhrət tapmış, öz maddi mədəniyyət abidələri, memarlıq məktəbi, milli adət-ənənələri ilə dünya mədəniyyət tarixinə daxil olmuşdur. Naxçıvan təkcə şəhər deyil, bura qədim yurd yeri, hər daşında, qayasında bir tarix yaşadan zəngin toponimlər diyarıdır.

Naxçıvan toponimlərinin nüvəsində böyük bir məna, hansısa hadisənin gizlidə qalmış təsviri, xalqımızın yaşam tərzi, adət-ənənəsi, məişəti, tarixin bir parçası yaşayır. Belə tarixi ərazinin keçmişini bu günə çatdıran yer-yurd, el-oba, dağ, daş, çay, göl, bulaq və s. adları xalqımızın tərcümeyi-halı, əzəli və əbədi yaddaşı, əslimizin, kökümüzün coğrafi ünvanı, tariximizi, dilimizi yaşadan tükənməz milli sərvətimiz - söz-abidələrimizdir. Bu abidələr ilk əlifbamız, ilk yaddaş kitabımız, maddi və mənəvi mədəniyyətimizin ilk nümunələridir. Bu nümunələr xalqımızın tarixi ilə bağlı yaranmış, milli mənəviyyatı ilə yoğrulmuş, azərbaycançılıq, türkçülük damğası ilə möhürlənmiş, leksik-semantik və qrammatik sistemi ilə seçilən milli toponimlərdir.

Naxçıvan toponimlərinin öyrənilməsi xalqımız üçün taleyüklü məsələdir və hər şeydən əvvəl ictimai-siyasi və mənəvi əhəmiyyətinə, dövlət sərhədlərinin nişanlanmasındakı roluna görə mühüm əhəmiyyət kəsb edir. Bu məsələnin öyrənilməsini bizdən zaman tələb edir.

Naxçıvan toponimləri bölgənin “tarix kitabı”dır. Bu adları “torpağın yaddaşı”na yazan “Dədə Qorqud” dastanındakı Əlincə qalası, Dərəşam, Dərəşam suyu, Əyrək, Bəkdüz, Qaraçuğ kimi yer adları birbaşa Naxçıvan ərazisi ilə bağlıdır. Tanınmış coğrafiyaşünas alim Səfəralı Babayev “Naxçıvanda “Kitabı-Dədə Qorqud” toponimləri” adlı kitabında (1999) ərazidə mövcud olan Şərur, Sədərək, Qazançı, Qazan yurdu, Qazangöldağ, Qara çoban düzü, Qara dərə, Qara dağ, Dərbənd, Salaxan qayası, Buğa çeşmə, Sarı ağıl, Sarı bulaq, Ağ qaya, Altuntaxt və s. kimi toponimlərin mənşəyinin “Kitabi-Dədə Qorqud”la bağlı olduğunu yazıb.

Tədqiqat sübut edir ki, “Kitabi-Dədə Qorqud”dakı Naxçıvan toponimləri leksik-semantik və etimoloji cəhətdən çox zəngin xüsusiyyətlərə malikdir. Bu toponimlər oğuzların bir aborigen əhali olduğunu dil faktları əsasında təsdiqləyir...

Adil Bağırov, Naxçıvan Bölməsinin Onomastika şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü

"Azərbaycan" qəzeti, 4 noyabr 2015-ci il

  • Paylaş: