Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı nəşr edilib
16.12.2013 00:00
  • A-
  • A
  • A+

Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı nəşr edilib

AR Prezidenti İlham Əliyevin “Akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 6 fevral tarixli Sərəncamına əsasən, AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən görkəmli ictimai xadim, Elmlər Akademiyasının ilk prezidenti, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, akademik Mirəsədulla Mirqasomova həsr olunmuş “Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı” nəşr edilib.

Layihənin rəhbəri AMEA prezidenti, akademik Akif Əlizadə, nəşrin elmi redaktoru AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, tərtibçi müəllifi isə MEK-in direktoru, filologiya üzrə elmlər doktoruAybəniz Əliyeva-Kəngərlidir.

Kitabda görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin akademik haqqında xatirələri geniş yer alıb, həmçinin alimin elmi-pedaqoji fəaliyyətini əks etdirən biblioqrafiyası öz əksini tapmışdır.

Akademik Akif Əlizadənin “Akademik Mirəsədulla Mirqasımov: elmi idrak epoxaların kəsişməsində” məqaləsi kitabda xüsusi yer tutur. Akademik A.Əlizadə məqaləsində Azərbaycanın elmi və ictimai fikir tarixinə qızıl hərflərlə yazılmış Mirəsədulla Mirqasımovun şəxsiyyəti, elmi, elmi-təşkilati, pedaqoji, ictimai-mədəni, praktik-tibbi, tibbi-nəzəri istiqamətləri özündə birləşdirən geniş fəaliyyət spektri, bütövlükdə XX əsrin birinci yarısında Azərbaycan elmi və ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rolunu geniş işıqlandırmışdır.

Kitabda, həmçinin akademiklər Əhliman Əmiraslanov, Cəmil ƏliyevBöyükkişi AğayevMahmud Kərimov, Mirməmməd Cavadzadə, AMEA-nın müxbir üzvüSüdeyf İmamverdiyev, professorlar Mehman Ağayev, Məmməd Nəsirov, Vaqif Verdiyev və digərlərinin məqalələrində akademik M.Mirqasımovun yüksək elmi və zəngin mənəvi xüsusiyyətləri, parlaq şəxsiyyəti, geniş dünyagörüşü, insani cəhətləri, ictimai-əxlaqi dəyərləri, ailə-övlad münasibətləri və başqa keyfiyyətləri öz əksini tapmışdır.

Alimin Azərbaycan və rus dillərində işıq üzü görmüş kitab, monoqrafiya, broşür, habelə məcmuələrdə və dövrü mətbuatda dərc edilmiş elmi əsərləri xronologiya və əlifba prinsiplərinə uyğun olaraq biblioqrafiyada yerləşdirilmişdir. Eyni zamanda, akademik haqqında Azərbaycan və rus dillərində materiallar və ailəsinin təqdim etdiyi fotoşəkillər də geniş şəkildə təqdim olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: