www.science.az
23.11.2015 17:10

İnnovativ sahələrarası layihənin ilk mərhələsi uğurla həyata keçirilir

AMEA Botanika İnstitutu Elmi İnnovasiyalar MərkəziRiyaziyyat və Mexanika İnstitutu ilə birgə “Azərbaycan florasında endem və nadir bitkilərin növ müxtəlifliyinin azalma və itmə təhlükəsinin proqnozlaşdırılması” mövzusunda sahələrarası elmi-tədqiqat işini həyata keçirir.

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadənin rəhbərliyi altında populyasiya-ontogenetik analiz məqsədilə nadir bitkilərin siyahısı tərtib olunub, populyasiyaların ontogenetik strukturunun kompleks parametrlərinin müəyyənləşdirilməsinə yönəldilmiş xüsusi monitorinq sistemi işlənib hazırlanıb. Bu məqsədlə cari ilin aprel ayından layihə iştirakçıları tərəfindən Azərbaycanın müxtəlif bölgələrində (Böyük Qafqazın şərqi və Quba sahəsi, Talış bölgəsi) çoxsaylı çöl tədqiqatları aparılır. İlk dəfə olaraq respublikada Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş nadir növlərin populyasiyalarının vəziyyəti ətraflı öyrənilib, Elmi İnnovasiyalar Mərkəzi və Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları tərəfindən yaradılmış dinamik məlumat bazasına daxıl edilib. Bu elektron-məlumat bazası nadir növlərin həyat formaları, ekoloji qruplar, növlərin botaniki-coğrafi rayonlar və şaquli zonalıq üzrə paylanması, endem və nadirlik kateqoriyası üzrə göstəricilər, populyasiyaların ontogenetik vəziyyəti və strukturu, habelə onların faydalı xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, bitkilərin növ tərkibində və dinamikasındakı dəyişiklikləri təhlil etməyə və ümumiləşdirməyə imkan verən parametrlərdən ibarətdir. Həmçinin, burada hər bir növün yayılması üzrə elektron xəritənin online istifadəsinə imkan yaradılıb.

Layihə biomüxtəlifliyin və ekosistemlərin gələcək dinamikasının qiymətləndirilməsinə yönəlib. Layihənin gələcək mərhələlərində təhlil zamanı riyazi modelləşdirmə imkanlarının tətbiqi ilə  Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş itmə təhlükəsində olan nadir bitki növlərinin populyasiya səviyyəsində sistemləşdirilməsi, informativ və vacib göstəricilər üzrə proqnozlaşdırılması və bunun əsasında yeni mühafizə strategiyalarının hazırlanması onların gələcək dinamikası baxımından perpsepektivlər açır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir