www.science.az
24.11.2015 10:16

"Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi" adlı kitab-albom nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə "Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi" adlı kitab-albom nəşr olunub.

Nəşrin baş elmi məsləhətçisi AMEA prezidenti, akademik Akif Əlizadə, müəllifləri – AMEA Rəyasət Heyəti aparatının Azərbaycanda elmi irsin toplanması və sistemləşdirilməsi mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyeva və bu qurumun rəhbər müavini Nərgiz Əliyarlıdır.

"Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi" kitab-albomunun ilk səhifəsində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin elmimizin və AMEA-nın inkişafına dair fikirləri yer alıb.

Yeni nəşrdə fundamental və tətbiqi elmlərin təşəkkülü, onların inkişaf yolları təhlil edilib, AMEA-nın fəxri üzvləri barədə ətraflı məlumat əks olunub.

Kitab-albomda AMEA tarixində ən mühüm tarixi hadisələrin xronikası, müəlliflərin Rusiya Federasiyasının elmi arxivlərindən əldə etdiyi nadir tarixi sənədlər və fotomateriallar verilib.

Elmi materialların bir hissəsi 2015-ci ildə "Salnamə" studiyasında çəkilmiş və ali akademik qurumun 70 illik inkişaf yoluna həsr edilmiş “Azərbaycanın elm məbədi” sənədli filminin hazırlanması üçün istifadə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir