Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elmin haqq çırağı” (akademik Musa Əliyevin həyatı, fəaliyyəti və dövrü) kitabı çapdan çıxıb
25.11.2015 14:55
  • A-
  • A
  • A+

“Elmin haqq çırağı” (akademik Musa Əliyevin həyatı, fəaliyyəti və dövrü) kitabı çapdan çıxıb

Bu günlərdə “Elmin haqq çırağı” (akademik Musa Əliyevin həyatı, fəaliyyəti və dövrü) kitabı “Elm” nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb.

Filologiya elmləri doktoru Almas Ülvinin (Binnətova) müəllifi olduğu kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə ithaf olunub. AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr olunan kitabda akademik Musa Əliyevin həyatı, elmi, elmi-təşkilatı, ictimai və dövlət xadimi kimi fəaliyyəti, eləcə də yaşadığı dövrdən bəhs olunur.

Yeni nəşrdə “Gələcək nəslə örnək ömür”, “Dağı, daşı, çəməni, şeir dolu xəzinə”, “Ömrün Aşqabad səhifəsi”, “Musa Əliyevin elm ustadları”, “Moskvada ilk iş həyatı” və digər sərlövhəli yazılarla yanaşı, görkəmli elm adamlarının M.Əliyevlə bağlı xatirələri, haqqında yazılmış kitablar barədə məlumatlar da geniş yer alıb.

Kitabda məlumat verilir ki, 1908-ci il aprelin 11-də Şamaxıda dünyaya göz açan Musa Mirzə oğlu Əliyev uşaqlıq illərinin bir hissəsini Orta Asiyada - Aşqabadda keçirib. Geologiya-mineralogiya elmləri doktoru, professor, fəxri neftçi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş, akademik Musa Əliyev XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində öz yeri olan böyük şəxsiyyətlərdəndir. Musa Əliyev neft elminə böyük yeniliklər gətirib. Geologiya elminin paleontologiya (paleontologiya – həm də neftin yaranmasının əsaslarını araşdıran, öyrənən elmdir) sahəsində qazandığı uğurlarla yanaşı, həm də böyük məktəb yaratmışdır, elmin bu sahəsində çalışan alimlərimiz məhz onun davamçıları, yetirmələridir.

Nəşrdə böyük qürur hissi ilə bir daha vurğulanır ki, beynəlxalq miqyasda nüfuz qazanmış bu böyük şəxsiyyətin 100 illiyi UNESCO səviyyəsində qeyd olunub.

Kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru və rəyçisi akademiyanın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİbrahim Quliyevdir. Nəşrin redaktoru professor İsmayıl Məmmədlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: