Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.12.2015 12:18
  • A-
  • A
  • A+

Aqrar Elmlər Bölməsinin əməkdaşları Fəxri Fərmanla təltif olundular

Aqrar Elmlər Bölməsinin əməkdaşları Fəxri Fərmanla təltif olundular

Dekabrın 2-də AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin (AEB) növbəti büro iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Qərib Məmmədov AMEA-nın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirdi, AEB əməkdaşlarını yubiley münasibətilə təbrik etdi. Q.Məmmədov bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda proqram xarakterli çıxışı elmin inkişafı üzrə strateji hədəfləri və prioritetləri müəyyənləşdirmişdir.

AEB-in akademik-katibi dövlət başçısının öz çıxışında aqrar sahəyə də böyük əhəmiyyət verdiyini, bu istiqamətdə alimlərin qarşısında ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi kimi ciddi məsələlər ətrafında məsuliyyətli vəzifələr qoyduğunu bildirdi. O, ölkə rəhbərinin Akademiyaya gəlişini, alimlər qarşısında çıxışını, proqram xarakterli nitqini yüksək dəyərləndirərək, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrini daim diqqət mərkəzində saxlayaraq mövcud fəaliyyətin daha da intensivləşdiriləcəyini vurğuladı.

Sonra AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bölmənin elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən bir qrup əməkdaş elmi və elmi-ictimai fəaliyyətlərinə görə AEB-in Fəxri Fərmanı ilə təltif olundular.

Tədbirdə, həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dissertantı, aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədovun uzunmüddətli ezamiyyətə getməsi məsələsinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: