Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2015 14:11
  • A-
  • A
  • A+

“Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib

“Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib

Bu gün AMEA-nın İnsan Hüquqları İnstitutu və AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva qəsbkar ermənilər tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində abidələrimizə qarşı törədilən vəhşiliklərdən danışıb, bu barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatlar verilməsinin vacibliyini vurğulayıb. Beynəlxalq konfransın əhəmiyyətindən danışan A.Mustafayeva tədbirdə Qafqaz ərazisində mövcud olmuş mədəni-dini abidələrin vəziyyəti, həmin abidələrə qarşı törədilmiş vəhşiliklərin müzakirə olunacağını diqqətə çatdırıb.

Sonra çıxış edən AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru  Mübariz Qurbanlı Qafqaz ərazisinin tarixən çoxmillətlərin birgə yaşayış məkanı olduğunu, xüsusən Azərbaycanın öz multikultural dəyərlərinə görə dünyada tolerantlıq nümunəsinə çevrildiyini vurğulayıb. O, Azərbaycanda müxtəlif dinlərə və etnik azlıqlara məxsus abidələrin xüsusi dövlət mühafizəsi altında olduğunu, onların dünya mədəni irsinin tərkib hissəsi kimi qorunduğunu bildirib.

Daha sonra “Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” adlı film nümayiş etdirilib.

Tədbirdə “İşğal altındakı Azərbaycan ərazilərində xristian və İslam dini abidələrinin qəddarlıqla məhv edilməsi”, “Udinlər və Azərbaycanın multikultural mühitində Alban kilsəsi”, “İnsan hüquqlarının davamlı pozulması: Cənubi Afrikada aparteid siyasəti və Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda ərazi işğalı məsələləri arasında oxşarlıq”, “1918-ci ilin mart soyqırımında Bakıda və Azərbaycanın başqa ərazilərində məhv edilən tarixi abidələr” və digər mövzularda məruzələr dinlənilib.

Məruzələrdə Qafqaz ərazisində mövcud olan mədəni-dini abidələrin qorunmasının və dünya mədəni irsi kimi gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, Ermənistan tərəfindən işğal altında qalmış abidələrlə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələlərə dair təklif və mülahizələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: