Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Ədəbiyyat İnstitutunda Xalq şairi Məmməd Arazın 80 illik yubileyi qeyd edilib
20.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutunda Xalq şairi Məmməd Arazın 80 illik yubileyi qeyd edilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli AR Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə respublikamızda görkəmli şairin yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın ölməz şairi Məmməd Araza həsr olunan tədbirlərin Azərbaycanın bütün bölgələrində dərin xalq məhəbbəti və yüksək coşqu ilə keçirildiyini vurğulayıb.

Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazın yaradıcılığını yüksək qiymətləndirmişdir. Şairin fəxri adlarının əksəriyyəti ulu öndərin imzası ilə verilmişdir.

Bildirib ki, şairin Çadırdaş ətəyindəki Nurçu bulağından - ata ocağından başlayan yaradıcılığı bütün azərbaycanlıların qəlbinə yol taparaq ruhunu oxşamışdır. Vətənpərvər şairin xalq ruhunda yazılmış əsərləri dastanlaşmış, aşıqların dillər əzbəri olmuşdur.

M.Arazın yaradıcılığı ilə bağlı məruzə ilə çıxış edən filologiya üzrə elmlər doktoru Vaqif Yusifli xalq şairinin yaradıcılıq üslubunun xüsusiyyətlərini önə çəkmişdir.

Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımbəyli Azərbaycançılıq məfkurəsinin inkişafında şairin xidmətlərindən, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu isə Məmməd Arazın əsərlərinin folklorla bağlılığından bəhs edib.

Sonda Məmməd Arazın ailə üzvləri adından çıxış edən Milli Məclisin deputatı, yazıçı Aqil Abbas xalq şairinə göstərilən diqqət və qayğıya görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: