Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunun yeni uğuru
16.12.2015 17:09
  • A-
  • A
  • A+

Botanika İnstitutunun yeni uğuru

AMEA Botanika İnstitutu ilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM, Almaniya) arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində Volksvagen Fondunun dəstəyilə 2011-2015-ci illərdə həyata keçirilən "Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması" layihəsinin birinci mərhələsi uğurla başa çatıb.

Layihə Botanika İnstitutunun inkişafında və beynəlxalq əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. Layihə çərçivəsində institutun Herbari Fondunun infrastrukturunda yenidənqurma işlərinə başlanılıb və sonradan Fondda bu işlər AMEA-nın dəstəyilə tamamlanıb. İnstitutun gənc mütəxəsissləri və doktorantları BBBM-də biologiyanın müasir sahələri olan molekulyar sistematika, mühafizə genetikası və biomüxtəlifliyin informatikası üzrə təhsil alıb və Azərbaycanın bəzi relikt, nadir və itmə təhlükəsində olan ağac növlərinin (Zelkova, Gleditsia, Pterocarya və s.) müasir statusunun təyini üzrə elmi tədqiqatlar aparıb, alman alimlərlə birlikdə impact faktorlu jurnallarda elmi məqalələr dərc etdiriblər.

Layihə, həmçinin institutun dəyərli herbari nümunələrinin beynəlxalq virtual herbari məlumat bazasına daxil edilməsi üçün imkanlar yaradıb. 2014-cü ilin may-fevral aylarında BBBM-də layihə üzrə əldə edilmiş elmi nəticələri, həmçinin Qafqazın tarixi, mədəniyyəti və təbiətini əks etdirən “Qara dəniz və Xəzər dənizi arasında bitki müxtəlifliyi” mövzusunda sərgi təşkil edilib və Avropa ziyarətçilərinin ixtiyarına verilib.

Layihənin birinci mərhələsinin uğurlu nəticələri Volksvagen Fondu tərəfindən yüksək qiymətləndirilib və tədqiqatların 2016-cı ildən davam etdirilməsi üçün layihənin ikinci mərhələsi də Fond tərəfindən dəstəyə layiq görülüb. Yeni mərhələdə də Azərbaycanlı gənc botaniklərin müasir elm sahələri üzrə yetişdirilməsi və yerli bitki növlərinin molekulyar səviyyədə tədqiqi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: