Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Nailə Vəlixanlının 75 yaşı tamam olur
24.12.2015 09:36
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlının 75 yaşı tamam olur

Dekabrın 25-də görkəmli tarixçi-şərqşünas alim, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, "Şöhrət" ordenli, Əməkdar elm xadimi, akademik Nailə Məmmədəli qızı Vəlixanlının 75 yaşı tamam olur.

Nailə Vəlixanlı 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsini, 1967-ci ildə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirmiş, 1968-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

1963-1992-cu illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda böyük laborant kimi əmək fəaliyyətinə başlayan Nailə Vəlixanlı 1992-1998-ci illərdə Tarix İnstitutunda aparıcı elmi işçi, 2007-ci ildən 2013-cü ilə qədər isə AMEA-nın vitse-prezidenti vəzifələrində çalışmışdır. 1998-ci ildən Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur. 

Akademik Nailə Vəlixanlının vətən tarixşünaslığının tədqiqi sahəsində xüsusi xidmətləri vardır. Elmi əsərlərində Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemləri, regionun Ərəb Xilafəti tərkibində mövqeyi, sosial-iqtisadi münasibət, siyasi-mədəni tarix və tarixi coğrafiya məsələlərinə aydınlıq gətirilmiş, elmdə son vaxtlaradək hakimlik edən erməni-gürcü ənənəsini sındırmaqla tarixşünaslığımızda yeni mərhələ açılmışdır. Alim ərəbdilli mənbələr əsasında orta əsrlər Azərbaycan tarixinə dair bir neçə sanballı monoqrafiyanın, 250-yaxın elmi məqalə və resenziyanın müəllifidir. Nailə Vəlixanlı yeddicildlik “Azərbaycan tarixi”nin II cildinin məsul redaktoru və əsas müəlliflərindən biridir. Alimin “IX-XI əsrlər ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında”, “İbn Hordadbey. Ölkə və yolların kitabı (tədqiqat, ərəb dilindən tərcümə, şərhlər, göstəricilər və xəritə)” (rus dilində), “Naxçıvan - ərəblərdən monqollaradək (VII-XII əsrlərədək)” monoqrafiyaları, “Azərbaycanda dövlətcilik və onun rəmzləri” kitab albomu, AMEA-70 illik yubileyi münasibəti ilə “Milli Azərbaycan Tarixi Muzeyi-95” kitab albomu, “Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda” və s. əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

30 ilə yaxındır ki, taleyini Milli Azərbaycan Tarixi Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, eyni zamanda bacarıqlı elmi və inzibati təşkilatçıdır. O, yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində muzeyin fəaliyyətində əsaslı dönüş yaratmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Muzeydə fondlar və onlarda qorunan eksponatlar xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilmiş, bir sıra arxeoloji və etnoqrafik eksponatlar, eləcə də rəsm əsərləri Muzeyin laboratoriyasında bərpa edilmiş, ekspozisiyanın yeniləşdirilməsi üçün müvafiq muzey avadanlığı alınmış, müxtəlif məzmunlu sərgilər hazırlanmışdır. Muzey tarixində ilk dəfə olaraq elmi kataloq və kitab-albomların çap olunması təşkil edilmiş, muzeyin elmi əsərlərinin nəşri bərpa edilmişdir. N.Vəlixanlının təşkilatçılıq fəaliyyəti nəticəsində xarici ölkə muzeyləri və alimləri ilə elmi əlaqələr yaradılmış, muzeyin sərgiləri Almaniya, Norveç, Rusiya və s. ölkələrdəki muzeylərdə nümayiş olunmuşdur.

Görkəmli alim elmi-təşkilati fəaliyyəti ilə yanaşı, ictimai işlərdə də yaxından iştirak etmişdir. O, AR Milli Məclisi Toponimiya Komissiyasının üzvü, Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvü, Tarix İnstitutunun Elmi şurasının üzvü ,“AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının, “Milli Azərbaycan Tarixi Muzeyi-2015” toplusunun baş redaktorudur.

Akademikin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, “Əmək rəşadətinə görə” medalı, “Şöhrət” ordeni ilə təltif olunmuş, Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.

Tarix elmi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində alimin xidmətləri əvəzsizdir. Onun rəhbərliyi altında 20 yaxın fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.

Görkəmli alimi 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: