Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.12.2015 16:34
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarına fəxri adlar təqdim olunub

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarına fəxri adlar təqdim olunub

Dekabrın 29-da AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 50 illik yubileyi münasibətilə Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşrində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif olunmuş əməkdaşlara fəxri adlar təqdim olunub.

Təqdimetmə mərasimini AMEA prezidenti, akademik Akif Əlizadə açaraq "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. AMEA rəhbəri bildirib ki, Milli Ensiklopediyanın ölkə tariximizi geniş şəkildə əks etdirməsi, orada Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, görkəmli tarixi şəxsiyyətləri ilə bağlı mühüm faktların yer alması onun əhəmiyyətini artırır.

Bu günlərdə dövlətimizin başçısının Sərəncamı ilə 50 illik yubiley münasibətilə mərkəzin bir qrup əməkdaşının mükafatlandırıldığını söyləyən AMEA prezidenti bu addımı elmə, alimlərə verilən yüksək qiymət kimi dəyərləndirib.

Akademik Akif Əlizadə ensiklopediyanın perspektiv fəaliyyətinə dair tövsiyələrini verərək, Milli Ensiklopediyanın elektron versiyasının hazırlanmasının və Mərkəzin hazırladığı nəşrlərin ingilis dilində versiyasının yaradılmasının zəruriliyini vurğulayıb.

Fəxri adların təqdimetmə mərasimində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev, AMEA Rəyasət Heyəti aparatının idarə, şöbə rəisləri və digər şəxslər iştirak ediblər.

Sonda akademik Akif Əlizadə mərkəzin bir qrup əməkdaşına "Vətənə xidmətə görə" ordeni, "Tərəqqi" medalı, “Əməkdar jurnalist” və “Əməkdar mədəniyyət işçisi” fəxri adlarını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: