Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin seminarı keçirilib
23.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin seminarı keçirilib

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda AMEA Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) nəzdində fəaliyyət göstərən nəzəri-metodoloji seminarın “Dil və fəlsəfə (aktual və mübahisəli məsələlər)” mövzusunda növbəti iclası keçirilmişdir.

Seminarda HİEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, elmi-tədqiqat müəssisələrinin direktorları, eləcə də seminarın daimi üzvləri, bir sıra universitetlərin görkəmli alimləri iştirak ediblər.

İclası giriş sözü ilə açan sədr AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəl.ü.e.d. Zümrüd Quluzadə müzakirə ediləcək məsələləri iştirakçıların diqqətinə çatdırıb.

AMEA-nın müxbir üzvü Kamal Abdullayev dil və fəlsəfənin qarşılıqlı təsirindən bəhs edərək, fəlsəfə və dilin bu gün diqqət mərkəzinə çəkilməsini dilçi və filosoflarımız üçün körpü rolunu oynayacağını bildirib. O, bədii əsərlərə filosof mövqeyindən, fəlsəfi əsərlərə isə ədəbiyyatçı mövqeyindən baxılmasının zəruriliyini vurğulamışdır.

İclasda “Dilin fəlsəfəsi: təbiəti, şüur və idrakla münasibəti; hər birinin və irrasional idrakın tarixi yaddaş kodunda əksi”, “Fəlsəfədə dil: tədqiqat obyekti və ifadə vasitəsi kimi”, “Dil və fəlsəfənin islam mədəniyyəti bölgəsi və Azərbaycan mədəniyyətşünaslığında tarixən və müasir dövrdə tədqiqinə dair”, “Dil və fəlsəfənin tədqiqinin fəlsəfi metodologiyasının seçimi”, “Azərbaycanşünaslıqda dil və fəlsəfənin gələcək elmi tədqiqinə dair təkliflər” mövzuları ətrafında müzakirələr aparılmışdır.

Sonda seminar üzvləri əlyazmaların toplanılması sahəsində xidmətləri olan şəxslərə elmi dərəcələrin verilməsi üçün AR Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət olunması, müasir elm baxımından izahlı çoxcildlik lüğətlərin yaranması, müxtəlif dünya dillərinin öyrənilməsi və s. qərara almışlar.

Müzakirəyə qoyulan mövzunun həcmcə böyüklüyü nəzərə alınaraq, müzakirələrin növbəti iclaslarda davam etdirilməsi təklif olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: