Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Şollar” su kəmərinin istismara verilməsindən 100 il ötür
27.01.2016 19:19
  • A-
  • A
  • A+

“Şollar” su kəmərinin istismara verilməsindən 100 il ötür

“Şollar”  Birinci Bakı Su Kəmərinin istismara verilməsindən 100 il ötür. Belə ki, 2017-ci ildə su kəmərinin istifadəyə verilməsinin 100 ili tamam olacaq. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib.

İclasda kəmərin son yüz ildə Bakı şəhərinin içməli su ilə təminatında əhəmiyyətli rol oynadığı qeyd edilib. Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk su kəməri olan “Şollar”ın öz dövründə Avropanın ən uzun su kəməri olduğu və mənbəyini Bakıdan 187 kilometr uzaqlıqda yerləşən Xudat şəhərindəki yeraltı sulardan götürdüyü diqqətə çatdırılıb. Kəmər məşhur ingilis hidravlik-mühəndisi Vilyam Harleyn Lindleyin layihə rəhbərliyi və tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilib.

Kəmərin tikintisinə 1903-cü ildə başlanıldığını deyən akademik müxtəlif ictimai-siyasi hadisələrlə əlaqədar bu prosesdə müəyyən fasilələr yarandığını, bununla belə tikintinin 14 il sonra başa çatdırıldığı bildirilib.

Tədbirdə vurğulanıb ki, kəmərin çəkilişi XX əsrin əvvəllərində geoloji, kimyəvi, fiziki, tibbi, texniki istiqamətlər üzrə ciddi elmi araşdırmalar nəticəsində mümkün olub. Bu baxımdan "Şollar"  Birinci Bakı Su Kəmərinin çəkilişi XX əsrin əvvəllərində Azərbaycanda təbiət elmləri sahəsində əldə edilmiş nailiyyətlərin nəticəsidir.

İclasda 2017-ci ilin yanvar-fevral aylarında “Azərsu” ASC ilə birgə “Şollar”  Birinci Bakı Su Kəmərinin istismara verilməsinin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfransın keçirilməsi, kitab-albomun hazırlanaraq nəşr olunması, eyni zamanda yubiley münasibəti ilə sərginin təşkilinə dair qərar qəbul edilib. Sözügedən tədbirlərin təşkili AMEA Yer və İctimai Elmlər bölmələrinə həvalə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: