Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xəzər dənizinin hidrometeorologiyası” kitabı çapdan çıxıb
24.12.2013 00:00
  • A-
  • A
  • A+

“Xəzər dənizinin hidrometeorologiyası” kitabı çapdan çıxıb

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Ramiz Məmmədovun “Xəzər dənizinin hidrometeorologiyası” kitabı çapdan çıxıb.

Kitab Xəzər dənizinin hidrometerologiyası və səviyyə problemi sahəsində fəaliyyət göstərən mütəxəssislər, doktorantlar və tələbələr üçün nəzərdə tutulmuşdur.

Yeni nəşrdə Xəzər dənizinin etimologiyası və formalaşması, müasir fiziki parametrləri və coğrafi səciyyəsi, mühafizə olunan əraziləri haqqında ətraflı məlumat verilir. Kitabın birinci fəslində dənizin karbohidrogen ehtiyatları və bioloji resurslarından bəhs olunur. İkinci fəsil sahillərin və dəniz dibinin geomorfologiyası, üçüncü fəsil isə dəniz üzərində iqlim şəraitinin formalaşması və meteoroloji dəyişkənliklərlə bağlı məsələləri əhatə edir.

Kitabın dördüncü fəsli dənizin hidrologiyasına həsr olunmuşdur. Burada dənizin axınları, temperaturu, duzluluğu, şəffaflığı və s. hidroloji parametrlərin mövsüm dəyişmələrini əks etdirən yeni xəritələr öz əksini tapıb.

Xəzər dənizinin səviyyəsinin dəyişməsi və onun sosial-iqtisadi, ekoloji nəticələri, səviyyə dəyişməsinin uzunmüddətli proqnozuna beşinci fəsildə diqqət yetirilmişdir. Sonuncu fəsil isə dənizin ekocoğrafiyasına, çirklənmə mənbələrinin müəyyənləşdirilməsinə, ümumi ekoloji vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: