Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xəbərlər” jurnalının xüsusi buraxılışı çapdan çıxıb
24.12.2013 00:00
  • A-
  • A
  • A+

“Xəbərlər” jurnalının xüsusi buraxılışı çapdan çıxıb

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi çərçivəsində AMEA-nın “Xəbərlər” (Humanitar elmlər seriyası) jurnalının Firudin bəy Köçərlinin (1863-1920) anadan olmasının 150 illiyi münasibətilə xüsusi buraxılışı çapdan çıxıb.

AR Prezidenti cənab İlham Əliyevin “Firudin bəy Köçərlinin 150 illik yubileyi haqqında” 14 fevral 2013-cü il tarixli Sərəncamı əsasında təsis olunan xüsusi buraxılışda 16 müəllifin məqaləsi çap olunmuşdur.

Jurnalda yer alan ilk yazı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəylinin “Görkəmli ədəbiyyatşünas və böyük maarifçi Firudin bəy Köçərli” məqaləsidir. Burada tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Furudin bəy Köçərlinin yaradıcılığı haqqında dəyərli fikirlər söylənilir. Qeyd edilir ki, Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığını elm səviyyəsinə çatdırmaq vəzifəsini böyük məsuliyyət və şərəflə həyata keçirmiş və yaddaşlara ilk ədəbiyyat tarixinin yaradıcısı kimi daxil olmuşdur. Görkəmli elm xadimi F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı iki cildlik əsəri ilə ölkəmizdə sistemli ədəbiyyat tarixçiliyi yaratmaq ənənəsinin bünövrəsi qoyulmuşdur. Çoxcəhətli elmi-pedaqoji fəaliyyətə malik olan alimin monoqrafik tədqiqatları, məqalələri, publisistikası və tərcümələri Azərbaycan ədəbiyyatşünaslığı sahəsində ədəbi-mədəni əlaqələrin formalaşmasına böyük töhfədir.

Xüsusi buraxılışda mərhum akademik Bəkir Nəbiyevin “Azərbaycan köçərlişünaslığına bir nəzər”, filologiya üzrə elmlər doktorları Zaman Əsgərlinin“Azərbaycan ədəbiyyat tarixçiliyinin babası”, Aybəniz Əliyeva-Kəngərlinin“Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabı ilk antoloji folklor nəşrlərindən biri kimi” və digər elmi-tədqiqat səciyyəli məqalələrə yer verilmişdir. Jurnalın səhifələrində filologiya üzrə elmlər doktorları Paşa Kərimov, Alxan Bayramoğlu, Aslan Salmanov və başqa alimlərin görkəmli ədəbiyyatşünasın yaradıcılığından bəhs edən məqalələri verilmişdir.

“Elm” nəşriyyatında işıq üzü görmüş elmi nəşrin baş redaktoru akademik İsa Həbibbəyli, məsul katibi Həlimə Mehdiyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: