Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2016 15:10
  • A-
  • A
  • A+

Gənc alimlərə DAAD-ın təqaüd proqramları barədə məlumat verilib

Gənc alimlərə DAAD-ın təqaüd proqramları barədə məlumat verilib

Fevralın 24-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Gənc Alim və Mütəxəssislər Şurası və Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə seminar keçirilib.

Tədbiri giriş sözü ilə Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq, seminarın məqsəd və mahiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd gənc alim və tədqiqatçıları beynəlxalq proqramlarda iştirak etmək üçün qoyulan tələblər, elmi-tədqiqatın ilkin layihəsinin hazırlanması qaydası, layihələrin növləri, əsas tədqiqat sahələri və s. ilə yaxından tanış etməkdir. 

Sonra DAAD-ın Bakı Məlumat Mərkəzinin direktoru xanım Stefanie Dufaux “Almaniyada tədqiqat” mövzusunda məruzə ilə çıxış edib. S.Defaux təmsil etdiyi təşkilat barədə ətraflı məlumat  verərək bildirib ki, Almaniyanın dövlət qurumu olan DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatdır. 1925-ci ildən fəaliyyətə başlayan DAAD Almaniya və digər ölkələrdən 1,5 milyondan çox alim və tələbəyə maliyə dəstəyi göstərmişdir. Qeyd edib ki, qurumun əsas vəzifəsi tələbələrin və elm adamlarının mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətləri dəstəkləməkdən ibarətdir. 

Təşkilat tərəfindən elan olunan təqaüd proqramları barədə də məlumat verən S.Dufaux bildirib ki, DAAD tələbə və məzunlar, eləcə də gənc alim və doktorantlar üçün müxtəlif tədqiqat təqaüdləri, dil kursları təklif edir. 

Daha sonra Almaniya Siegen Universitetinin Beynəlxalq ofisinin nümayəndəsi Dr.Ulriç Eberhart təmsil etdiyi qurumda təhsil almaq barədə təqdimatla çıxış edib.

Seminarda tədqiqat işlərinin ilkin planlaşdırılması, elmi ədəbiyyata çıxış, tədqiqat nəticələrinin nəşri, mövzu üzrə layihənin hazırlanması, Almaniyadan elmi rəhbərin təyin olunması, DAAD təqaüdləri və qrantlarına müraciət qaydaları və digər məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: