Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2016 09:23
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstititunda növbəti “Geomexanika” seminarı keçirilib

Geologiya və Geofizika İnstititunda növbəti “Geomexanika” seminarı keçirilib

Fevralın 25-də Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçirilib.

Seminarda layihənin rəhbəri, akademik Hətəm Quliyev proqram çərçivəsində nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söyləyib.

Daha sonra AMEA-nın müxbir üzvü Arif Quliyev və t.e.n. Bunyad Kazımovun “Süxurları relaksasiyalı deformasiyaya uğrayan neft və qaz laylarında quyuya axının 3-ölçülü məsələlərinin həlli” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə neft və qaz yataqlarının işlənilməsinin müvafiq qoyuluşlu yeraltı hidroqazdinamika məsələlərinin həllinə əsasən müəyyənləşdirildiyi və bu zaman geomexanikanın, ilk növbədə, flüidlərin müxtəlif kollektorluq xüsusiyyətlərinə malik layda süzülməsi ilə bağlı nəzəri və təcrübi məsələlərin araşdırılmasına ehtiyac duyulduğu bildirilib.

Təqdim olunan məruzədə bu istiqamət üzrə xüsusən süxurların deformasiya növlərinin nəzərə alınması ilə son illər ərzində aparılan elmi tədqiqatların icmalı verilib, mövcud tədqiqatların bazasında hazırda öz aktuallığını saxlayan məsələlərin qoyuluşu əsaslandırılıb.

Bildirilib ki, son illərədək mövcud olan ənənəvi işlәrdә əsas etibarilə lay-kollektorları təşkil edən süxurların işlənilmə prosesində xətti və ya qeyri-xətti deformasiyaya uğraması halları nəzərdən keçirilmişdir. Keçən əsrin 80-ci illərindən başlayaraq yataqların işlənilməsi prosesində lay-kollektorlarını təşkil edən süxurlarda reoloji növlərə malik deformasiyaların (relakasiyalı və sürüngənli) özünü göstərməsi ilk növbədə, nəzəri-eksperimental və faktiki mədən tədqiqat məlumatları ilə sübut olunmağa başlanılmış, bununla bağlı olaraq relaksasiyalı və sürüngənli mühitlərdə reoloji süzülmə nəzəriyyələri yaradılmışdır. Bu tədqiqatların nəticəsində eksperimentlərə əsaslanmaqla, reoloji deformasiya şəraitlərində məsaməliyin və keçiriciliyin dəyişmə qanunlarının, ənənəvi qəbul edilən hallardan fərqli, riyazi ifadələri təklif olunmuşdur.

Qeyd olunub ki, süxurların reoloji deformasiyalarının yataqların işlənilmə göstəricilərinə kəmiyyətcə təsirinin öyrənilməsi istiqamətində işlər ilk dəfə AMEA Geologiya və Geofizika İnstitutunda aparılmışdır və hazırda davam etdirilməkdədir. Tədqiqatlar əsas etibarilə flüidlərin laydan quyulara xətti və müstəvi axını hallarına uyğun  müvafiq düz və tərs riyazi qoyuluşlu birölçülü və ikiölçülü məsələlərin tədqiqi üzrə aparılır.

Tәqdim edilәn mәruzәdə neftin və qazın süxurları relaksasiyalı deformasiyaya uğrayan məsaməli lay mühitində ayrıca quyuya axınının üçölçülü modeli əsasında әldә edilәn ilkin nәticәlәr şərh olunub.

Bildirilib ki, B.Kazımovun tədqiqata dair “İşlənmə məlumatlarına görə qaz yatağının süxurlarının qeyri-xətti deformasiyalarının reoloji parametrlərinin təyini alqoritmləri” məqaləsi Rusiyada dərc olunan "Письма в журнал технической физики" jurnalına təqdim olunub. (jurnalın tərcümə variantı Tomson bazasına daxildir).

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.         

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: