Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.03.2016 13:20
  • A-
  • A
  • A+

“Qarabağ bölgəsinin xalçaçılıq tarixi” kitabının təqdimatı oldu

“Qarabağ bölgəsinin xalçaçılıq tarixi” kitabının təqdimatı oldu

Martın 1-də AMEA-nın Əsas binasında “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin rəhbəri, Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru Vidadi Muradovun Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” adlı kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qarabağ xalçaçılıq məktəbinin tarixindən bəhs edən nəşrin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycanda xalçaçılıq ənənələri qorunur və xalça sənəti özünün yeni inkişaf dövrünü yaşayır. Ölkəmizdə bu sənətin öyrənilməsində, inkişafında, və dünyada təbliğində mühüm işlər görülüb.

Akademik İ.Həbibbəyli xalıçaçılıq sənətimizin geniş miqyasda təbliğ olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək dəyərləndirdi.

Qeyd etdi ki, təqdim olunan kitab “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı elmi fundamental layihənin davamıdır. Burada Qarabağın tarixi inkişafı nəzərdən keçirilir, bölgədə toxunan xalçaların ümumi xarakteristikası, xalçalar, xalça tacirləri, həmçinin boyaqçılar barədə məlumatlar və fotoşəkillər təqdim olunur, toxunan əsas xalça nümunələri, onların üzərindəki elementlərin semantikasından söz açılır.

Akademik İ.Həbibbəyli bildirdi ki, AMEA və “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin birgə layihəsi olan kitabda Qarabağ bölgəsinə daxil olan Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Tərtər, Xankəndi, Xocalı, Xocavənd, Zəngilan rayonlarının 378 xalçaçılıq məntəqəsini əhatə edən ekspedisiya materialları öz əksini tapıb. Kitaba bölgənin inzibati-siyasi, etnik və sosial-iqtisadi tarixi, həmçinin xalçaçılıq tarixi, burada toxunan xalçaların üzərində öz əksini tapmış əsas simvollar haqqında oçerklər də daxildir. Burada toxunmuş XIX-XX əsrlərə aid 415 xovlu və xovsuz xalçaların, xalça məmulatlarının rəngli fotoşəkilləri Qarabağ xalçalarının texniki, bədii-üslubu rəngarəngliyini əks etdirir. 

Tədbirdə çıxış edən akademiklər Teymur BünyadovRafael Hüseynov, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və başqaları Qarabağ xalçaçılıq tarixindən bəhs edən nəşri yüksək qiymətləndirdilər. Çıxışlarda qeyd olundu ki, maddi-mənəvi sərvətimiz olan xalçaçılıq sənəti dövlətin diqqət və qayğısı sayəsində qorunur, yaşayır və inkişaf edir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulandı.

Sonda kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Vidadi Muradov tədbirin təşkilatçılarına və iştirakçılarına, həmçinin kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: