Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Samux rayonunun neft-mədən məlumatları əsasında hazırlanmış geotermik modelinə dair tədbir keçirilib
02.03.2016 12:46
  • A-
  • A
  • A+

Samux rayonunun neft-mədən məlumatları əsasında hazırlanmış geotermik modelinə dair tədbir keçirilib

AMEA Geologiya və Geofizika İnstitutunda Samux rayonunun neft-mədən məlumatları əsasında hazırlanmış geotermik modelinə dair Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Bu müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Ağentliyinin əməkdaşı, geologiya elmləri doktoru Rasim Əliyev mövzu üzrə məruzə ilə çıxış edib. R.Əliyev bildirib ki, ölkə ərazisində termal sular təbii yolla və neft-qaz quyularının qazılması nəticəsində yer səthinə çıxır. Dünyanın bir çox ölkələrində termal sulardan alternativ enerji alınması imkanlarından istifadə edilir. Alim bu istiqamətdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Ağentliyi tərəfindən respublikamızın inkişaf strategiyasına uyğun olaraq müəyyən işlər görüldüyünü nəzərə çatdırıb.

Qeyd edib ki, ölkə ərazisində termal suların mövcud təbii çıxış zonalarında, həmçinin neft-qaz quyuları qazılan sahələrində onların potensialının təyin edilməsi və digər məqsədlər üçün istifadəsi aktual elmi-praktiki məsələlərdən biridir.

Məruzəçi Samux rayonu ərazisində şimal-qərbdən cənub-şərq istiqamətində bir neçə sahələrdə (Molladağ, Aydınlı, Palantökən, Tərsdəllər) onlarla neft-qaz quyularının qazıldığını, lakin istismar əhəmiyyəti olmadığından bu işlərin dayandırıldığını söyləyib. Bildirib ki, qazılan quyuların neft-mədən və geofiziki tədqiqatlar nəticəsində əldə olunan məlumatlarından istifadə etməklə struktur xəritələr, geoloji profillər tərtib edilmişdir. Digər mənbə kimi məlum olan geotermik qradiyentin hesablamaları əsasında rayonun geotermik 3D modeli tərtib edilmişdir.

R.Əliyev əlavə edib ki, məlumatların kifayət qədər olmaması, digər quyu qazılması imkanlarının məhdudiyyəti modelin təkmilləşdirilməsinə imkan vermir. Litogeotermik enerjinin potensialı stratiqrafik mərtəbələrə görə hesablanmış və alternativ enerji potensialı qiymətləndirilmişdir. Bildirilib ki, süxurların istilik tutumu və digər parametrlər, alınan nəticələrin informativliyini 80-85% dəqiqliklə qəbul etməyə imkan verir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: