Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.03.2016 15:04
  • A-
  • A
  • A+

Azərbaycanın və Tatarıstanın tarixçi alimləri birgə tədqiqatlar aparacaqlar

Azərbaycanın və Tatarıstanın tarixçi alimləri birgə tədqiqatlar aparacaqlar

Martın 2-də AMEA A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixinin ortaq araşdırılması problemləri” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə AMEA-nın Tarix İnstitutu ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası Elmlər Akademiyasının (TREA) Şəhabəddin Mərcani adına Tarix İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilədə türk tarixi-mədəni irsinin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin əlaqələndirilməsi, Azərbaycan və tatar xalqlarının tarixi və memarlıq obyektlərinin üzə çıxarılması və öyrənilməsi, müştərək muzey, sənədli və digər sərgilərin, elmi ezamiyyətlərin və səhra ekspedisiyalarının təşkili, beynəlxalq, ümumrusiya və regional elmi konfransların, simpoziumların, müşavirələrin və qarşılıqlı maraq doğuran problemlər üzrə işçi görüşlərin təşkili və digər məsələlər nəzərdə tutulur.

Sənədi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və TREA Tarix İnstitutunun direktoru, akademik Rafael Hakimov imzalayıblar.

Y.Mahmudov bildirib ki, Azərbaycan və tatar xalqları xarici hərbi müdaxilələrin, təqiblərin, repressiyaların və soyqırımların ağır nəticələrini yaşayıblar.

Müstəqilliyimizin bərpasından sonra Tatarıstan ilə ikitərəfli əməkdaşlıq qurulub. 1996-cı ildə ulu öndər Heydər Əliyev və Tatarıstanın Prezidenti Mintimer Şaymiyev tərəfindən ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Hazırda Prezident İlham Əliyev və Tatarıstan Prezidenti Rüstəm Minnixanov tərəfindən bu əməkdaşlıq uğurla davam etdirilir.

Y.Mahmudov qeyd edib ki, Azərbaycan və Tatarıstan respublikaları arasında tarixən dostluq və qardaşlıq münasibətləri olub.

İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova da iki xalq arasındakı tarixi əlaqələrdən danışıb.

Tədbirdə Tatarıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, TREA-nın Ş.Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Hakimovun “Tatarıstan Elmlər Akademiyası Tarix İnstitutunun əsas elmi istiqamətləri”, TREA-nın müxbir üzvü Radik Salixovun “Kapitalizmin inkişafı və türk birliyi”, tarix elmləri namizədi İlnur Mirqaleyevin “Qızıl Orda və orta əsrlər tatar dövlətləri”, Ş.Mərcani adına Tarix İnstitutunun elmi katibi Baxtiyar İzmaylovun “Rusiya dövləti tərkibində tatarlar”, tarix elmləri namizədi Aleksey Buşuyevin “Tatarlar və Tatarıstan XX-XXI əsrlərdə”, tarix elmləri namizədi Aydar Noqmanovun “Tatarıstan Respublikasının yaşayış məntəqələrinin tarixinin öyrənilməsi”, tarix elmləri doktoru Liliya Qabdrafikovanın “Tatarların tarixi antropologiyası” mövzularında məruzələri dinlənilib.

Tədbir çərçivəsində TREA-nın Ş.Mərcani adına Tarix İnstitutunun elmi nəşrlərinin təqdimatı da olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: