Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın İşlər İdarəsinin rəisi Fətəli Abdullayevin 50 yaşı tamam olur
04.03.2016 15:47
  • A-
  • A
  • A+

AMEA-nın İşlər İdarəsinin rəisi Fətəli Abdullayevin 50 yaşı tamam olur

Martın 6-da Əməkdar Mühəndis, AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevin 50 yaşı tamam olur.

Fətəli Abdullayev 1966-cı il martın 6-da Qubadlı rayonunda  anadan olmuşdur. 1972-1983-cü  illərdə Qubadlı rayonu Dondarlı kənd orta məktəbində təhsil almış, 1986-1990-cı illərdə isə Rusiya Federasiyasının Voronej şəhərində  İnşaat Mühəndisləri İnstitutunda ali təhsilə yiyələnmişdir.

F.Abdullayev 1992-1996-cı illərdə Azərbaycan Respublikası “Şelflayihətikinti” İB-nin 4 saylı TQİ-də master, sahə rəisi, rəis müavini vəzifələrində, 1996-1998-ci illərdə 12 saylı trestin müdiri vəzifəsində çalışmışdır.

2011-2013-cü illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq Münasibətlər” kafedrasında müəllim işləmişdir.

F.Abdullayev 2012-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2015-ci ildə beynəlxalq münasibətlər ixtisası üzrə dosent elmi adını almışdır.

Alim bir çox elmi məqalə və kitabların müəllifidir.

2015-ci ildə Azərbaycan Respublikası Prezidendinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

2013-cü ildən AMEA-nın İşlər İdarəsinin rəisi vəzifəsində çalışır.

Savadı, məsuliyyəti, dəqiqliyi, işgüzarlığı və yüksək insani keyfiyyətləriylə hər kəsin hörmətini qazanan F.Abdullayev AMEA-da işə başladığı vaxtdan İşlər İdarəsinin fəaliyyətində böyük inkişafa nail olunmuşdur. Onun rəhbərliyi altında ötən dövr ərzində AMEA-nın elmi müəssisə və  təşkilatlarında aparılan elmi tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə həmin müəssisə və təşkilatlar üçün çoxlu sayda müasir laboratoriya avadanlıqları quraşdırılmış, elmi müəssisə və təşkilatlarda müasir tələblərə cavab verən təmir işləri aparılmışdır.

Onun, Azərbaycan Milli Elmlər Akademiyasının 2001-ci ildə özəlləşməyə açıq elan edilmiş və 2013-cü il özəlləşməsi dayandırılmış müəssisələrinin işinin bərpa edilməsi, torpaq sahələrindən və əmlaklarından səmərəli istifadə edilməsi işlərində də zəhməti böyükdür.

F.Abdullayevin rəhbərliyi altında AMEA-nın elmi müəssisə və təşkilatlarının istifadəsində olan əmlakların və 3800 hektara yaxın torpaq sahələrinin kənar şəxslərin istifadəsindən geri alınması, qeydiyyatı, yenidən sənədləşdirilməsi və səmərəli istifadəsi istiqamətində də xeyli işlər görülmüşdür. Həmin torpaq sahələrində elmi-tədqiqat işlərinin aparılması üçün münbit şərait yaradılmış, buğda, arpa və digər kənd təsərrüfatı bitkiləri əkilmiş, arıçılığın, balıqçılığın və digər sahələrin inkişafı istiqamətində xeyli işlər yerinə yetirilmişdir.

Fətəli Abdullayevi ömrünün ən məhsuldar çağına qədəm qoyması münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni nailiyyətlər və yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: