Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2016 13:21
  • A-
  • A
  • A+

Tanınmış şərqşünas alim Böyükağa Hüseynovun 90 illik yubileyinə həsr edilən tədbir keçirilib

Tanınmış şərqşünas alim Böyükağa Hüseynovun 90 illik yubileyinə həsr edilən tədbir keçirilib

Martın 7-də Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə tanınmış şərqşünas alim, AMEA-nın müxbir üzvü Böyükağa Hüseynovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçirilib.

Əvvəlcə AMEA-nın Əsas binasının foyesində görkəmli alimin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva B.Hüseynovun elmi fəaliyyətindən söz açıb. Azərbaycanda şərqşünaslıq elminin hər zaman yüksək səviyyədə inkişaf etdiyini söyləyən G.Baxşəliyeva bu sahədə alimlərimizin böyük nailiyyətlər əldə etdiyini söyləyib.

Bildirilib ki, B.Hüseynov XIX əsrin sonu, XX əsrin əvvəli İran ədəbiyyatının aktual-nəzəri problemlərinə dair tədqiqatların müəllifidir. O, hər zaman Azərbaycan şərqşünaslıq elmini xarici ölkələrdə yüksək səviyyədə təmsil edib. Elmi fəaliyyəti əsasən İran şeirinin cərəyanlarının tədqiqinə həsr olunan alimin əsərləri Azərbaycanla yanaşı, İran, Türkiyə, Rusiya və başqa ölkələrdə çap olunub. Şərqşünas alim elmi yaradıcılıqla yanaşı ədəbi, ictimai və pedaqoji fəaliyyətlə də məşğul olub, İranın müxtəlif universitetlərində mühazirələr oxuyub. Böyükağa Hüseynov ömrünün sonunadək Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinə rəhbərlik edib.

Sonra institutun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiaga Məhəmmədinin “Böyükağa Hüseynovun həyatı və elmi ictimai fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzədə görkəmli alimin həyatı, elmi yaradıcılığı və ictimai fəaliyyəti barədə məlumatlar yer alıb.

Tədbirdə akademiklər Vasim Məmmədəliyev, Rafael Hüseynov, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli və başqaları çıxış edərək, B.Hüseynovun şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən söz açıb, alimlə bağlı xatirələrini bölüşüblər.

Alimin ailəsi adından çıxış edən oğlu Əsgər Hüseynov atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

Sonda şərqşünas alimin həyat və elmi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: