Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarixçi-alim Yevgeni Paxomovun kitab kolleksiyasının təqdimatı keçirilib
10.03.2016 12:38
  • A-
  • A
  • A+

Tarixçi-alim Yevgeni Paxomovun kitab kolleksiyasının təqdimatı keçirilib

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) kitab kolleksiyaları barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Nadir kitab Fondunda mühafizə olunan kolleksiyalardan biri, tarixçi-alim Yevgeni Paxomovun şəxsi kitabxanasından olan nümunələrin təqdimatı keçirilib.

Görkəmli tədqiqatçı, numizmat-alim, arxeoloq, tarix elmləri doktoru Yevgeni Paxomovun şəxsi kitab kolleksiyası özündə ehtiva etdiyi elmi mənbələrin sayına görə MEK-in ən böyük kolleksiyaları sırasındadır.

Təqdimatda çıxış edən Nadir kitablar fondunun əməkdaşı Gülarə Xələfova Şərq numizmatikası sahəsində tanınmış alimlərdən biri olan Y.Paxomovun Azərbaycan arxeologiya elminə böyük töhfələr verdiyini bildirərək, onun şəxsi kitab kolleksiyası haqqında ətraflı məlumat verib. G.Xələfova bu günə qədər Y.Paxomovun 100-dən artıq elmi əsərinin nəşr olunduğunu və onların əksəriyyətinin kolleksiyada yer aldığını qeyd edib. Bildirib ki, alimin tarix elminə ən böyük töhfəsi uzun illər üzərində çalışdığı “Azərbaycanın və Qafqazın başqa respublika və bölgələrinin sikkə xəzinəsi” kitabıdır. Y.Paxomovun kolleksiyası qədim dünya tarixinə dair qiymətli materiallarla yanaşı, xüsusilə qədim Yunanıstan, Roma, Misir, Bizans və Assuriyanın tarixini əks etdirən əsərlərlə də zəngindir.

Gülarə Xələfova alimin kolleksiyasına aid kataloqda yer alan Qafqazın təsvirinə dair əsərlər sırasında “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”nun bəzi cildləri, “Qafqaz kəndlilərinin iqtisadi məişətini öyrənmək üçün materiallar”, “Qafqaz təqvimləri”, Qafqaz məcmuələri”, “Dağıstan məcmuələri”, “Rusiyanın Qafqazda sahibləndiyi torpaqlara baxış”, “Qafqaz dağlıları haqqında məlumatlar məcmuəsi”, “Qafqaz haqqında statistik məlumatlar məcmuəsi” kimi nəşrlərin adlarını xüsusi qeyd edib. G.Xələfova onu da əlavə edib ki, kolleksiyada “Bizans möhürlərinin təsviri”, “Rus geraldikası” kimi tarix elminin nadir sahələri sayılan geraldika və sfraqistikaya aid kitablar yer alıb. Kolleksiya humanitar, təbiət və yer elmləri sahələri üzrə ədəbiyyatlarla da təmsil olunub.

Təqdimatda çıxış edən Fondların formalaşdırılması bölməsinin rəhbəri Şərafət İsmayılova bu kimi kolleksiyaların Azərbaycan tarixinin araşdırılması baxımından əhəmiyyətini vurğulayaraq, kitabların mühafizəsi ilə bağlı təkliflərini irəli sürüb. Ş.İsmayılova köhnə kitabların gələcək nəsillərə ötürülməsinin vacibliyini önə çəkərək, kitabxanada Restavrasiya Mərkəzinin yaradılmasının zəruriliyini önə çəkib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: