www.science.az
15.04.2016 17:12

“Elektron kitabxanaların formalaşması problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Elektron kitabxanaların formalaşması problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumlarının, ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri iştirak ediblər.

Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrün ən aktual elmi problemlərindən olan elektron kitabxanaların formalaşması məsələlərinin müzakirəsi üçün konfransın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

R.Əliquliyev “Gələcək nəsil elektron kitabxanaların formalaşması perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, xalqımızın tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsinin toplanıb saxlanılması, biliklərin yayılması və gələcək nəsillərə ötürülməsində elektron kitabxanaların rolu əvəzsizdir. İnformasiya texnologiyalarının dinamik inkişaf etdiyi bir dövrdə elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi istiqamətində qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də e-kitabxanaların beynəlxalq standartlara uyğunlaşdırılması və dünya informasiya məkanına inteqrasiyasının təmini, eləcə də gələcək nəsil e-kitabxanaların formalaşdırılmasıdır.

Alim qeyd edib ki, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir, ölkədə elektron kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının gücləndirilməsi, müasir tələblərə cavab verən texnologiya və proqram təminatları ilə təmin olunması istiqamətində kompleks tədbirlər görülür.

Akademik ölkədə informasiya cəmiyyətinin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının bütün sahələrdə geniş tətbiqi istiqamətində görülən işlərdən, qəbul edilən dövlət proqramlarından söz açıb. Bildirilib ki, kitabxanalarda veb-texnologiyalar, linqvistik, bulud, Big Data texnologiyaları və bibliometrik texnologiyaların tətbiqi, milli e-kitabxana mühitinin yaradılması üçün e-kitabxanaların kommunallaşdırılması və inteqrasiyası bu sahədə əsas fəaliyyət istiqamətlərindəndir.

MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova elektron kitabların qarşılıqlı inteqrasiyası problemlərindən bəhs edib.

Plenar iclasda Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun ölkə üzrə milli əlaqələndiricisi Cəmilə Yusifova Azərbaycanda korporativ elektron kitabxana şəbəkəsinin yaradılması modelindən, beynəlxalq elmi bazalarda rəqəmsal kitabxanaların axtarış imkanlarından, tədris prosesində informasiya təminatının təşkilindən və s. məsələlərdən danışıblar.

Sonra konfrans işini iki bölmədə iclaslarla davam etdirib. Bölmə iclaslarında e-kitabxanaların formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilatı-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi və kulturoloji aspektləri və digər mövzularda 47 məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.