Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Qəmbər Hüseynlinin rolu” movzusunda konfrans kecirilib
16.04.2016 10:53
  • A-
  • A
  • A+

“Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Qəmbər Hüseynlinin rolu” movzusunda konfrans kecirilib

Əməkdar İncəsənət Xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynli milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri olub. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində bəstələdiyi və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri var.

Aprelin 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, AMEA Naxçıvan Bölməsi, Bəstəkarlar Təşkilatı, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkarın 100 illiyinə həsr olunan “Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Qəmbər Hüseynlinin rolu” movzusunda konfrans kecirilib.

Tədbirdə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev 2015-ci il noyabrın 25-də “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələn vəzifələrin muxtar respublikada da həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2 dekabr 2015-ci il tarixli Sərəncamla “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq edib. Tədbirlər planında “Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Qəmbər Hüseynlinin rolu” mövzusunda konfransın keçirilməsi də öz əksini tapıb.

İ.Hacıyev sənətinə, xalqına can-başla xidmət edən bəstəkarın özünəməxsus musiqi duyumu, orijinal üslubu ilə fərqləndiyini söyləyib. Qeyd edib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin xüsusi rəğbət bəstələdiyi Q.Hüseynlinin yaradıcılığında mahnı və romans janrı mühüm yer tutur. 

Konfransda Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun “Bəstəkar Qəmbər Hüseynlinin həyat və yaradıcılığı”, Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidovun “Qəmbər Hüseynlinin Azərbaycan musiqisinin inkişafında rolu”, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilovun “Qəmbər Hüseynlinin Azərbaycan peşəkar musiqisində tutduğu mövqe”, Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Qəmbər Hüseynlinin yaradıcılığının ümumi xüsusiyyətləri” mövzusunda məruzələri dinlənilib.

Qeyd olunub ki, görkəmli bəstəkar Qəmbər Hüseynli Gəncədə dünyaya göz açıb. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda o, Seyid Əzimin, Abbas Səhhətin, Sabirin, Aşıq Ələsgərin şeirlərini, xalq yaradıcılığımızın inciləri olan bayatıları bilirdi. Bir tərəfdən Gəncənin ədəbi-bədii mühiti, digər tərəfdən Gəncəyə yaxın olan Qarabağın musiqi dünyası onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərib. Bəstəkarın bəstələdiyi çoxsaylı mahnılar bu gün də dillər əzbəridir.

Bildirilib ki, Gəncədə görkəmli bəstəkarın adına park, musiqi məktəbi, mahnı teatrı fəaliyyət göstərir.  

Konfransın bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının müşayiəti ilə Q.Hüseynlinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: