Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.04.2016 12:19
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Əfqanıstanda Əlişir Nəvaiyə həsr olunan beynəlxalq simpoziumda iştirak ediblər

Azərbaycan alimləri Əfqanıstanda Əlişir Nəvaiyə həsr olunan beynəlxalq simpoziumda iştirak ediblər

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Almaz Ülvi böyük özbək şairi Əlişir Nəvainin 575 illiyi münasibəti ilə Əfqanıstan İslam Respublikasında keçirilən beynəlxalq simpoziumda və müxtəlif tədbirlərdə iştirak ediblər.

Əfqanıstan, Özbəkistan, Tacikistan, Hindistan, Pakistan, Qazaxıstan, Türkiyə və Azərbaycan alimlərinin iştirakı ilə keçirilən simpoziumda P.Kərimov “Əlişir Nəvai və XVII əsr Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimlər, həmçinin ölkənin paytaxtı Kabildə yerləşən Böyük Moğol İmperatorluğunun banisi Baburun məzarını və bağını, özbək hökmdarı Hüseyn Bayqaranın Məzarı-Şərif şəhərində tikdirdiyi  memarlıq kompleksini, Əlişir Nəvainin Heratda yerləşən məzarını, buradakı Teymurilər dövrü memarlıq abidələrini, böyük came məscidini, İxtiyarəddin qalasını və digər yerləri ziyarət ediblər.

Yubiley tədbirləri Əfqanıstanın 3 şəhərində təşkil olunub. P.Kərimov respublikanın prezidenti, vitse-prezidentləri, baş naziri, Kabil şəhərinin icra başçısı ilə keçirilən görüşlərdə də iştirak edib. Əfqanıstan İslam Respublikasının birinci vitse-prezidenti, bu ölkədəki türk xalqlarının hakimiyyətdə təmsilçisi, general Əbdürrəşid Dostumun iqamətgahında keçirilən görüşdə P.Kərimovun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Kabil şəhərinin İcra hakimiyyətində təşkil olunan görüşdə icra başçısı Azərbaycan alimlərinə təqdirnamə təqdim edib.

P.Kərimov, həmçinin Əfqanıstan Dövlət Televiziyasına müsahibə verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: