Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər” kitabının təqdimatı olub
25.04.2016 15:47
  • A-
  • A
  • A+

“Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər” kitabının təqdimatı olub

Azərbaycan Milli Konservatoriyasının, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova çıxış edərək muğam fenomeninin müasir dövrdə aktuallıq kəsb etməsindən danışıb. Bildirilib ki, insan istedadının heyrətamiz yaradıcılıq sahələrindən olan muğam öz fəlsəfəsi, estetikası, obrazlar aləmi ilə məhz insanlar və xalqlar arasında qarşılıqlı anlaşmanın, harmonik ictimai münasibətlərin bərqərar olmasına yönəlib. Muğam təkcə təbii-etnik yayılma arealına görə deyil, həm də fövqəlmədəni mahiyyətinə görə bəşər mədəniyyətinin inkarolunmaz fenomenidir.

Qeyd olunub ki, təqdim edilmiş monoqrafiya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən IV Beynəlxalq “Muğam dünyası” festivalı ərəfəsində ərsəyə gəlib. Yeni nəşrdə keçən əsrin ortalarından başlayaraq müasir dövrə kimi muğamın tədqiq olunma dinamikası işıqlandırılıb. Monoqrafiyada muğamın öyrənilməsində yeni baxışları və yanaşmaları əks etdirən tədqiqatlar ümumiləşdirilib.

Digər çıxış edənlər ərsəyə gəlmiş yeni nəşrin mühüm əhəmiyyət daşıdığını, Azərbaycan xalqına məxsus qədim və zəngin irsin daha geniş şəkildə tanınmasına xidmət etdiyini bildiriblər.

Sonda Xalq artisti, professor Canəli Əkbərovun tələbələrinin ifasında muğamlar səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: