Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Beynəlxalq Fotosintez Cəmiyyətinin jurnalında akademik  Cəlal Əliyevin xatirəsinə həsr olunan məqalə çap edilib
28.04.2016 09:56
  • A-
  • A
  • A+

Beynəlxalq Fotosintez Cəmiyyətinin jurnalında akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan məqalə çap edilib

Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi nəşri olan “Phyosynthesis Research” jurnalında akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan “Böyük alim, böyük müəllim, böyük şəxsiyyət” adlı məqalə çap edilib. Məqalənin müəllifləri, alimin tələbələri - AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, professor Süleyman Allahverdiyev və Beynəlxalq Fotosintez Cəmiyyətinin nümayəndəsi, fotosintez sahəsində nüfuzlu alim, professor Qovincidir.

Məqalədə görkəmli bioloq alim, böyük müəllim və şəxsiyyət Cəlal Əliyev haqda ətraflı məlumat yer alıb. Müəlliflər öz fikirlərinə alimin “Elm – həqiqətdir!” kəlamı ilə başlayıb, onun keçdiyi həyat və yaradıcılıq yolunu ətraflı işıqlandırıblar.

Məqalədə alimin qədim Naxçıvan şəhərində Azərbaycan cəmiyyətinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş Əliyevlər ailəsində dünyaya gəlməsi, ilkin təhsil aldığı məktəb dövrü və universitet illəri haqda məlumat verilir, akademik Müzəffər Abutalıbovun laboratoriyasında aspirantura dövrü nəzərdən keçirilir. 1954-cü ildə ilk əmək fəaliyyətinə başladığı ET Əkinçilik İnstitutunda Bitki fiziologiyası və biotexnologiyası şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlməsi, namizədlik və doktorluq dissertasiyalarının müdafiələri və 1971-ci ildən Azərbaycan EA Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradaraq onu böyük kadr potensialı və maddi-texniki bazası olan laboratoriya və şöbə səviyyəsinə qədər inkişaf etdirməsi, ömrünün sonunadək Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə rəhbərlik etməsi ətraflı işıqlandırılır. Eyni zamanada, Cəlal Əliyevin Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi kimi fəaliyyətindən də söz açılır.

Alimin fotosintez prosesinin kompleks tədqiqi sahəsində gördüyü işlər, əldə olunan fundamental nəticələr və onların praktikaya tətbiqi sayəsində yaradılan yüksək məhsuldar buğda sortları, Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətlərindən danışılır, fototənəffüs prosesi ilə bağlı nəticənin dünya elmi üçün böyük əhəmiyyəti göstərilir.

Məqalədə qeyd olunur ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradılması və əsaslı surətdə inkişaf etdirilməsi, bu istiqamətdə kadr potensialının formalaşdırılması, AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkil olunması da alimin adı ilə bağlıdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: