Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.04.2016 09:49
  • A-
  • A
  • A+

Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Mərkəzi Elmi Kitabxanada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AMEA-nın Alimlər Evi, Bakı Dövlət Universiteti və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli oftalmoloq-alimi, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə həm də ildönümə həsr olunmuş respublika üzrə "Qələbəyə doğru" kuboku uğrunda intellektual yarışın final oyunu keçirilib.

Öncə Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş "Nur dolu ömür" filmi nümayiş olunub.

Tədbirdə bildirilib ki, "Qələbəyə doğru" kuboku uğrunda intellektual yarışa martın 29-da start verilib. 29 mart-19 aprel tarixlərində 9 regionda Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçirilib. Seçim turlarında fərqlənən 12 komanda final yarışında iştirak hüququ qazanıb. Hər bir komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəbli təmsil olunub.

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirin təşkilində dəstəyə görə AMEA-nın və Bakı Dövlət Universitetinin rəhbərliyinə, Nəsimi rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. Komitənin artıq 3 ildir ki, "Qələbəyə doğru" intellektual bilik yarışmasını keçirdiyini deyən sədr uşaqların hərtərəfli inkişafında, intellektual və ictimai biliklərə yiyələnməsində belə müsabiqələrin xüsusi rolunun olduğunu vurğulayıb. Qeyd edib ki, bu kimi tədbirlər məktəblilərin daha aktiv olmaq, sərbəst fikir irəli sürmək bacarıqlarını, məntiqi təfəkkürlərini inkişaf etdirir.

Komitə sədri uşaqların müasir tələblər səviyyəsində təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində dövlətin diqqət və qayğısından, qarşıda duran əsas vəzifələrdən də danışıb.

Tədbirdə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov görkəmli alim Zərifə Əliyevanın XX əsr Azərbaycan tibb elminin inkişafında müstəsna rolundan, elmi-pedaqoji və ictimai fəaliyyətindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: