Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.05.2016 10:58
  • A-
  • A
  • A+

AMEA Zoologiya İnstitutunda herpetologiya sahəsində tədqiqatlar aparılır

AMEA Zoologiya İnstitutunda  herpetologiya sahəsində tədqiqatlar aparılır
İlan zəhərindən müxtəlif ölkələrin xalq təbabətində hələ qədim zamanlardan istifadə edilsə də, onun müalicəvi əhəmiyyəti tibb elminə XIX əsrin sonlarında məlum olub. Yalnız bundan sonra ilan zəhərinin elmi tədqiqinə başlanılıb, onun biokimyəvi tərkibi, farmakoloji və müalicəvi əhəmiyyətini öyrənmək üçün araşdırmalar aparılıb.

İlan zəhəri istehsalının ilk illəri

XIX əsrin sonlarında tibbi əhəmiyyəti elmə məlum olduqdan və tibbi xammal kimi əczaçılıq sənayesində istifadə olunmağa başladıqdan sonra dünyada ilan zəhərinin istehsalına ehtiyac yaranıb. Bu məqsədlə zəhərli ilanlar təbiətdən ovlanılır və   zəhərlərini almaq üçün süni şəraitdə serpentarilərdə (ilan saxlanan yer - latınca “serpente" - ilan deməkdir) saxlanılır. İlanların süni şəraitdə yetişdirilməsi problemi hələlik həll edilmədiyindən, bütün dünyada ilan zəhəri yalnız təbii resurslar hesabına istehsal  edilir.

Bu gün dünyanın bir çox yerlərində, xüsusilə Avstraliya, Hindistan, bir çox Asiya və Latın Amerikası ölkələrində, o cümlədən Rusiyada xeyli sayda serpentarilər fəaliyyət göstərir. Dünyada ən iri və qədim serpentari isə Braziliyada 1899-cu ildə San-Paulo şəhərində yaradılmış Buntan İnstitutudur. Burada müxtəlif növ ilanlar yalnız 6 ay ərzində saxlanılır və bu müddətdə hər ilandan 0,03-0,04 qram quru zəhər əldə edilir.

Keçmiş SSRİ-də serpentarilərin yaradılmasına və ilan zəhəri istehsalına ilk dəfə 1932-1934-cü illərdə Orta Asiya respublikalarında və Rusiyada başlanıb. Bu məqsədlə Orta Asiya kobrası və Orta Asiya gürzəsi, Qumluq əfisi və Adi gürzə növlərindən istifadə olunub. Lakin ilk dövrlər ilanların süni şəraitdə saxlanma texnologiyası elmi cəhətdən tam öyrənilmədiyi və buna görə də səmərəsiz olduğu üçün ovlanmış ilanlar qısa müddətdə məhv olurdu. Nəticədə zəhərli ilanlar intensiv olaraq ovlandığından təbiətdə onların sayı azalırdı. Bu səbəbdən 1960-cı illərdə Orta Asiyada istehsal məqsədilə istifadə olunan zəhərli ilan növləri qırmızı kitaba daxil edildi və onların ovlanması dayandırıldı.

Azərbaycanda ilan zəhərinin istehsalında uğurlu dövr

Azərbaycanda ilan zəhəri istehsalının ən uğurlu dövrü 1980-1989-cu illəri əhatə edir.  Belə ki, bu dövrdə Herpetoloji mərkəz tərəfindən hər il istehsal olunan 3,0-4,0 kq quru gürzə zəhərinin satışından yüksək gəlir əldə edilirdi.

İlan zəhərinin istehsalı üçün ilanların təbiətdən ovlanması mövcud qanunvericiliyə uyğun və elmi əsaslandırılmış qaydada aparılıb. Naxçıvan MR və Qarabağ düzənliyi də daxil olmaqla, bütün ölkə ərazisindən hər il 1800-2000 baş gürzə ovlanıb. Bir qayda olaraq, gürzələrin 1300-1500 başı lisenziya əsasında təbii ərazilərdən, 300-500 başı isə yaşayış məskənlərindən və onlara bitişik 2 km məsafədəki ərazilərdən ovlanıb. İlanların ovlanması nəticəsində həm də yaşayış məskənləri zəhərli ilanlardan təmizlənib və insanların ilanlardan təhlükəsizliyi təmin olunub.

Ölkəmizdə ilan zəhəri istehsalının hazırkı vəziyyəti

2009-cu ildə elmi istiqamətdə fəaliyyətinin bərpası məqsədilə “Zootoksinlər” İstehsal, Elmi Araşdırma Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibinə verilib. AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəz bütün əmlakı ilə Zoologiya İnstitutunun balansına keçirilib. Hazırda Zoologiya institutu Ağsu rayonunda yerləşən təcrübə bazasında zəhərli ilanların istehsal məqsədilə süni şəraitdə saxlanmasına və yetişdirilməsinə aid elmi-təcrübi tədqiqatlar aparır, ilan zəhərinin sertifikatlaşdırılması, sonda istehsalının bərpası istiqamətində tədbirlər həyata keçirir. İnstitutun herpetoloq alimləri zəhərli ilanlardan istifadənin innovativ texnologiyasının işlənməsi ilə bağlı layihələr üzərində çalışırlar.

İlan zəhəri əczaçılıq və kosmetologiya sənayesində müxtəlif müalicəvi və profilaktik preparatların istehsalında da geniş istifadə edilir

Cənubi Qafqazda Azərbaycanın sürünən heyvanlar faunası növ müxtəlifliyi baxımından daha zəngindir. Herpetofauna resursları arasında zəhərli ilanlar xüsusi yer tutur. Qiymətli tibbi xammal olan zəhərinə görə bu ilan növləri iqtisadi cəhətdən faydalı olmaqla yanaşı, həm də insan üçün təhlükəli zəhərli sancmalarına görə sosial əhəmiyyət daşıyır. İlan zəhəri əczaçılıq sənayesində müxtəlif müalicəvi və profilaktik dərmanların, ilan sancması zamanı istifadə olunan qan zərdablarının, habelə profilaktik kosmetika məhsullarının istehsalında istifadə edilir. İlan zəhəri və onun tərkibindəki ayrı-ayrı bioloji aktiv komponentlər (fermentlər) fundamental diaqnostik tibbi-bioloji tədqiqatlarda da geniş tətbiq olunur. Hazırda dünyanın müxtəlif ölkələrində ilan zəhərinin yeni tətbiq sahələrinin axtarışı davam etdirilir, o cümlədən xərçəng və QİÇS xəstəliyinin müalicəsində istifadə perspektivləri öyrənilir.

İlan zəhəri əldə etmək üçün zəhərli ilan növlərinin təbii resurslarından istifadə olunur. Buna görə zəhərli ilan növlərinin təbii resurslarından davamlı istifadəyə nail olmaq və ilan zəhəri istehsalının təbii resurslardan asılılığını aradan qaldırmaq istiqamətində aparılan elmi-təcrübi tədqiqatlar da önəmlidir.

Azərbaycanın herpetofaunasında təbii resursu istehsal məqsədilə istifadə etməyə imkan verən zəhərli ilan növü Levantiya irigürzəsidir. Cənubi Qafqazda bu ilan növü əsasən Azərbaycanda yayılıb. Ölkəmizdə məhdud ərazidə yayılmış və sayca az olan daha 4 zəhərli ilan növü mövcuddur. Zəhərli ilanlar faunasının biomüxtəlifliyi, bu ilan növlərinin müasir ekoloji vəziyyəti barədə məlumatların əldə edilməsi üçün xüsusi tədqiqatların aparılmasına ehtiyac var.

İlan zəhəri ilə bağlı perspektivli və innovativ istiqamətlərdə tədqiqatların aparılması tələb olunur

Ölkəmizdə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafı məqsədilə istehsal yönümlü elmi tədqiqat işlərinin genişləndirilməsi, innovativ tədqiqat proqramları və layihələrin hazırlanması olduqca vacibdir.  Bu baxımdan zəhərli ilanlar və ilan zəhəri ilə bağlı perspektivli və innovativ istiqamətlərdə tədqiqatların aparılması tələb olunur:

1.   Azərbaycanın zəhərli ilanlar faunasının müasir sistematikasının və ekoloji vəziyyətinin öyrənilməsi;

2. İstehsal məqsədilə zəhərli ilanların süni şəraitdə saxlanması və yetişdirilməsi probleminin həlli istiqamətində elmi-təcrübi tədqiqatların aparılması;

3. Zəhərli ilanların təbii resurslarının davamlı istifadəsinə nail olmaq üçün innovativ texnoloji proqramın hazırlanması;

4. İlan zəhəri, onun tərkibindəki ayrı-ayrı fermentlərin biokimyəvi və farmakoloji xusiyyətlərinin öyrənilməsi, onların tətbiq sahələrinin araşdırılması, yeni məhsulların isthsalına dair texnologiyaların hazırlanması;

Göstərilən istiqamətlərdə elmi-təcrübi tədqiqatların aparılması üçün müasir maddi-texniki bazanın (serpentari və volyerlər, biokimyəvi, farmakoloji, toksinoloji tədqiqatlar aparmağa imkan verən laboratoriya və s.) olması vacibdir.

Hazırda AMEA Zoologiya İnstitutu Ağsu rayonunda yerləşən Dayaq Məntəqəsində zəhərli ilan növlərinin volyer şəraitində saxlanması və yetişdirilməsi problemlərini öyrənmək üçün təcrübi tədqiqatlara başlayıb.  Zoologiya İnstitutunda, həmçinin ilan zəhəri və digər bioloji aktiv substansiyaların biokimyəvi, toksinoloji və farmakoloji tədqiqi üçün müasir laboratoriya yaratmaq da nəzərdə tutulur. Belə bir laboratoriyanın yaranması ilan zəhərinin və digər zootoksinlərin tədqiqinə aid göstərilən perspektivlərin reallaşmasına böyük töhfə olardı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: