Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.05.2016 17:25
  • A-
  • A
  • A+

Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Fondunun baş direktoru AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Fondunun baş direktoru AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Fondunun baş direktoru, doktor Fəhd Əbdüləziz əs-Səmmarinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-də AMEA-nın Şərqşünaslıq İnstitutunda olub.

Fondun nümayəndə heyəti institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva qonaqlara institutun yaranma tarixi, strukturu və elmi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. İnstitutun müxtəlif şöbələri üzrə aparılan aktual tədqiqat işlərindən danışan G.Baxşəliyeva onların yalnız orta əsrlərlə deyil, eyni zamanda müasir dövrlə əlaqəli olduğunu xüsusi qeyd edib. Ərəb ədəbiyyatında azərbaycanlı alimlərin elmi fəaliyyətlərinin öyrənilməsinin ölkəmiz üçün olduqca vacib olduğunu söyləyən G.Baxşəliyeva dahi Nizami Gəncəvinin yaradıcılığından və onun ərəb mənbələrindən etdiyi iqtibaslardan danışıb. Bildirilib ki, Əbülfərəc əl-İsfəhani, Yaqut əl-Həməvi, İbn Səllam və s. kimi klassiklərin əsərləri ilə yanaşı, yeni dövr ədəbiyyatının nümayəndələri Mixail Nueymə, Cübran Xəlil Cübran, Nəcib Məhfuzun, müasir dövrün görkəmli mütəfəkkirlərindən Taha Hüseynin və s. yaradıcılıqları institut əməkdaşlarının tədqiqat obyektinə çevrilib.

İnstitutla tanışlıqdan məmnun olduğunu bildirən doktor Fəhd Əbdüləziz əs-Səmmarin bu elmi müəssisədə görülən işləri yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi qurumun Şərqşünaslıq İnstitutunun apardığı elmi tədqiqatlara dəstək verməyə, o cümlədən digər elmi sahələrdə institutla əmakdaşlıq etməyə və birlikdə yeni elmi mövzular üzərində işləməyə hazır olduğunu bildirib. Fondun 1972-ci ildən fəaliyyət göstərdiyini söyləyən qonaq orada çap olunan bir neçə kitab və atlasları Şərqşünaslıq İnstitutuna təqdim edib.

Daha sonra qonaqlar institutun əməkdaşları ilə görüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: