Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın bitki aləmi” kitabı çapdan çıxıb
16.05.2016 09:18
  • A-
  • A
  • A+

“Azərbaycanın bitki aləmi” kitabı çapdan çıxıb

AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Ekobotanika və sistematika şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərovun “Azərbaycanın bitki aləmi” kitabı çapdan çıxıb.

Yeni nəşr Azərbaycanın zəngin və rəngarəng bitki aləminə həsr olunan, Azərbaycan dilində yazılmış ilk fundamental əsər hesab edilə bilər.

Əsərə botaniklərin aşkarladığı və müəllifin 1970-ci ildən apardığı tədqiqatlar nəticəsində müəyyənləşdirdiyi 250 cinsə aid 900-dən çox yeni takson və Qarabağ florasının işğaldan əvvəlki vəziyyətinə dair məlumatlar daxil edilib.

Kitabda 159 fəsilə və 1117 cinsə aid 4961 ali bitki növü, o cümlədən ölkəmizin yabanı florasında yayılmış 4557 növ barədə müfəssəl məlumat verilir. Yabanı müxtəlifliklə yanaşı, kulturada olan və az–çox dərəcədə naturalizə olunmuş 404 növ, Azərbaycan florasının unikal genofondunu təşkil edən 146 endem və 402 subendem bitki, habelə bitki örtüyünə invaziya olunmuş (advent, gəlmə) növlərlə bağlı məlumat da nəşrdə yer alıb.

İri sistematik qruplardan relikt (qədim) qıjıkimilər təyinedici formatında daha geniş təhlil olunub. Çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin təhlili zamanı onların dünyada, Qafqazda və o cümlədən Azərbaycanda yayılması, ekoloji, coğrafi səciyyəsi, əsas morfoloji nişanələri, əhəmiyyəti və daha sonra cins daxilində növlərin müasir beynəlxalq nomenklatura tələblərinə uyğun dəqiqləşdirilmiş siyahısı təqdim olunur.

Nəşrdə yabanı floramızın təxminən 400 növdən çoxunun nadir və nəsli kəsilməkdə olması, onların müasir vəziyyəti, qorunub gələcək nəsillərə saxlanılması yollarından da bəhs edilir. Kitabın sonunda Azərbaycanın endem və subendem, eləcə də “Azərbaycan Respublikasının Qırmızı kitabı”nın hər iki nəşrinə (1989, 2013) daxil edilmiş növlərin siyahısı verilir.

444 səhifəlik kitaba Azərbaycanın bitki aləmi və xüsusən onun nadir və nəsli kəsilməkdə olan növlərinə aid 300-dək rəngli fotolar daxil edilib.

Əsər Azərbaycanın bitki aləmi, xüsusən onun yabanı biomüxtəlifliyi sahəsində çalışan mütəxəsislər, botaniklər, ekoloqlar, tələbələr və Azərbaycan təbiəti ilə maraqlananlar üçün dəyərli vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: