Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsinin əməkdaşları "İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi"nin qalibləri sırasındadır
20.05.2016 10:25
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşları "İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi"nin qalibləri sırasındadır

Məlum olduğu kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi” keçirilmiş və qaliblər mükafatlandırılmışdır. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuşdur.

Müsabiqənin qalibləri sırasında AMEA Naxçıvan Bölməsinin əməkdaşları da var.

Bu məqsədlə Naxçıvan Bölməsində keçirilən tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ixtiraçılıq sahəsində Respublika Müsabiqəsi ölkəmizdə elmin, sənayenin, təsərrüfatın aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsi məqsədilə təşkil olunub. Müsabiqə komissiyasının qərarına əsasən 11 ixtira patenti qalib olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdiri Pəncalı Hüseynov çıxış edərək, əqli mülkiyyətin idarə edilməsinin muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi dəyərləndirib. Qeyd edib ki, bu sahədə dövlət siyasətini həyata keçirən Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı daxil olan hər bir iddia ərizəsi üzrə ilkin ekspertizanın aparılmasında və patentləşdirmə proseslərində iddiaçılara hərtərəfli köməklik göstərir.

İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsinə komitə tərəfindən 2014-2015-ci illərdə qeydiyyata alınmış 4 ixtira patentinin göndərildiyini söyləyən P.Hüseynov müsabiqədə qalib olmuş 11 ixtiradan birinin məhz Naxçıvan Bölməsinə məxsus olduğunu vurğulayıb: "Müsabiqədə Bayram Rzayev, Aliyə Rzayeva, Əhməd Qara­yev və Rafiq Quliyevin müəllifi olduqları “Element kükürdün həll edilmə üsulu” ixtira patenti diplom və pul mükafatına layiq görülüb".        

Qeyd olunub ki, komitə bundan sonrakı fəaliyyətində də muxtar respublika rəhbərinin tapşırığına uyğun olaraq ixtiraların patentləşdirilməsi və müvafiq müsabiqələrə təqdim olunması işini davam etdirəcəkdir.

Sonda Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayev həmmüəlliflər adından çıxış edərək, elmə göstərilən qayğıya və onların əməyinə verilən yüksək qiymətə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: