Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2016 11:07
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi Şurasının iclası bu elmi müəssisənin alimlərinin Dövlət mükafatına layiq görülməsinə həsr olunub

Coğrafiya İnstitutunun Elmi Şurasının iclası bu elmi müəssisənin alimlərinin Dövlət mükafatına layiq görülməsinə həsr olunub

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalamışdır.

Sərəncama əsasən,  AMEA  Coğrafiya İnstitutunun alimləri - direktor, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, prof. Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya elmləri doktoru Zakir Eminov müəllifi olduqları "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə  elm sahəsi  üzrə Dövlət mükafatına layiq görülmüşlər.

AMEA Coğrafiya İnstitutunun Elmi Şurasının iclası bu elmi müəssisənin alimlərinin Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülməsinə həsr olunub.

İclasda Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Coğrafiya İnstitutunun son illərdəki fəaliyyətindən, əldə etdiyi uğurlardan və beynəlxalq əlaqələrindən danışıb. Akademik F.Qədirov coğrafiyaçı alimlərin çoxillik əməyinin bəhrəsi olan və  Azərbaycan coğrafiya elmində analoqu olmayan “Azərbaycan Respublikasının Coğrafiyası” üçcildliyinin Dövlət mükafatına layiq görüldüyünə görə qürur hissi keçirdiyini dilə gətirib, əsərin böyük əhəmiyyətini nəzərə alaraq, onun ingilis və rus dillərinə tərcümə olunmasını zəruri hesab edib.

Alim dövlət əhəmiyyətli və strateji planlara daxil edilmiş Azərbaycan Fövqəladə Hallar Atlasının hazırlanmasının da Coğrafiya İnstitutuna həvalə olunmasını bu müəssisənin rəhbərliyinə və kollektivinə olan yüksək etimad kimi səciyyələndirib.

Bölmənin akademik-katibi AMEA prezidenti, akademik Akif Əlizadənin səyi ilə Azərbaycan Dövlət Televiziyasında "Elm və İnnovasiya" elmi-populyar proqramının təşkil olunduğunu söyləyərək, növbəti verlişin 2016-cı il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsinə həsr olunacağını bildirib.

Sonra Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov Coğrafiya İnstitutu ilə geoloqların sıx əlaqələrindən danışıb, coğrafiyaçı alimləri Dövlət mükafatına layiq görülmələri münasibətilə təbrik edib. Qeyd edib ki, "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyası  Azərbaycan coğrafiya elminin ən dəyərli nailiyyətlərindən biridir.

Mükafatçılar - institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, institutun şöbə müdiri, coğrafiya elmləri doktoru Zakir Eminov və coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov qazanılan uğurda göstərilən dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ensiklopedik, fundamental biliklər toplusu olan “Azərbaycan Respublikasının Coğrafiyası” üçcildliyinə verilən dəyəri bu qurumun əməkdaşlarının hər birinin mükafatı kimi qiymətləndiriblər.

Tədbirdə AMEA-nın müxbir üzvü Rauf Qardaşov,institutun Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev,  elmi katib Luiza Salayeva, c.e.d. Məhəmməd Abduyev və digərləri dövlət tərəfindən əsərə verilən yüksək qiymətin coğrafiyanın və coğrafiyaçıların nüfuzunun artdığına səbəb olduğunu söyləyiblər.

Sonda institutun direktoru, akademik Ramiz Məmmədov Azərbaycanda elm üzrə ilk dövlət mükafatının məhz coğrafiyaçılara verildiyini böyük fəxrlə qeyd edib. O, “Azərbaycan Respublikasının Coğrafiyası” üçcildliyinin təkcə 4 nəfərin deyil, bütün kollektivin əməyinin məhsulu olduğunu söyləyib.

Akademik əsərin uzun illərin gərgin əməyinin bəhrəsi olduğunu, hələ 15 il öncə belə bir əsərin yazılmasını təklif etdiyini bildirib. R.Məmmədov coğrafiyaçı alimlərin əməyini Dövlət mükafatı ilə qiymətləndirdiyinə görə ölkə Prezidenti İlham Əliyevə laureatlar adından təşəkkür edib. Həmçinin AMEA rəhbərliyinə və üçcildliyin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: