Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.06.2016 16:57
  • A-
  • A
  • A+

AMEA-nın Tarix İnstitutunda Avropa Azərbaycanlıları Konqresinin prezidenti ilə görüş keçirildi

AMEA-nın Tarix İnstitutunda Avropa Azərbaycanlıları Konqresinin prezidenti ilə görüş keçirildi

İyunun 10-da AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer İsmayılova ilə görüş keçirildi.

Öncə çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan-Almaniya arasında olan tarixi diplomatik əməkdaşlıqdan söz açdı.  Bildirdi ki, bu əlaqələrin daha da möhkəmlənməsi, Dağlıq Qarabağ problemi və ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların Almaniyada tanıdılması üçün hər bir tarixçi alim əlindən gələni etməlidir.

Alim Qubada və Şamaxıda türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımlara həsr olunmuş konfranslardan söz açaraq, bu kimi tədbirlərdə aparılan elmi müzakirələrin yeni tarixi faktların üzə çıxarılmasına xidmət etdiyini vurğuladı. Qeyd etdi ki, beynəlxalq konfranslar həm də ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayır. 

Y.Mahmudov bildirdi ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları ümumdünya tarixinin ən dəhşətli soyqırımlarıdır.

Sonra institut direktoru müəllifi olduğu “İrəvan xanlığı” kitabının ingilis və rus dilində çap olunduğunu, nəşrin hazırda alman dilinə tərcüməsinin hazırlandığını diqqətə çatdırdı. Bildirdi ki, kitabda ən mühüm məsələlərdən biri XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən qanlı müharibələr nəticəsində ələ keçirilən İrəvan xanlığının ərazisinə ermənilərin köçürülməsi çoxsaylı arxiv materialları, xüsusilə köçürülmə prosesini tənzimləyən rəsmi dövlət sənədləri - təlimatlar vasitəsilə əks olunub.

Sonra çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer İsmayılova Azərbaycanda diaspora fəaliyyətinin artıq elmi səviyyədə olduğunu bildirdi. O, son dövrlərdə Azərbaycanın Avropanın öndə gedən elmi qurumları ilə elmi əlaqələrin qurulduğunu  qeyd etdi. Bildirdi ki, Tarix İnstitutu Almaniyanın elmi fondları arasında əlaqələr möhkəmlənməli, Azərbaycanın tarixi həqiqətlərinin əks etdirən kitablar alman dilinə tərcümə olunmalıdır.

O, həmçinin təbliğat işlərinin gücləndirilməsi məqsədilə Avropada Dağlıq Qarabağla bağlı məlumat kitabçalarının yayılması, bu mövzuda tədbirlərin keçirilməsinin zəruriliyini önə çəkdi. S.İsmayılova bu gün lobbiçilik fəaliyyətinin Azərbaycan reallıqları üçün də olduqca zəruri olduğunu, onun Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynadığını diqqətə çatdırdı. 

Tədbirdə AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli və Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: