Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İnformasiyanın yazılması üçün canlı qurğu yaradılıb
14.06.2016 11:06
  • A-
  • A
  • A+

İnformasiyanın yazılması üçün canlı qurğu yaradılıb

ABŞ-ın Harvard Universitetinin genetikləri bakteriya DNT-lərini informasiyanın yazılması və saxlanılması üçün qurğuya çevirməyə imkan verən texnologiya hazırlayıblar. Bakteriya öz geninə viruslu DNT fraqmentlərini xronoloji ardıcıllıqla əlavə edərək viruslarla toqquşma xronikasını qeydə alır.

Əvvəllər genetik informasiyanı sintetik genə yazmaq mümkün olsa da, canlı orqanizm DNT-sində bu ilkdir.

Genetik Ceff Nivalın sözlərinə görə, tədqiqatlar nəticəsində informasiyanı birbaşa bakteriya genomuna yazmaq mümkün olub. ABŞ genetiki vurğulayıb ki, indiyədək onlar tərəfindən kodlaşdırıla bilən informasiyanın həcmi sintetik DNT molekuluna yazıla biləcək informasiya həcmindən xeyli az olsa da, hesab etmək olar ki, bu yeni üsul bir sıra potensial üstünlüklərə malikdir.

Harvard genetikləri hesablama metodikasından asılı olaraq bakterial genomda 30 baytdan 300 bayta qədər informasiya saxlayıblar. Canlı hüceyrələrlə keçirilən əvvəlki eksperimentlərdə rekord təxminən 11 bit təşkil edib.

Məlumdur ki, insanlarda olduğu kimi, bakteriyalar da "CRISPR/Cas" adlanan unikal immun sisteminə malikdir. Sistemin iş prinsipi kiçik virus DNT-lərini “kəsərək” onları genlərin öz ardıcıllığına yerləşdirməkdən ibarətdir. Virus hücumlarının tarixçəsini oxumaq üçün genləri sekvensiya etmək lazımdır.

Alimlər tərkibində DNT fraqmentlərinin kəsilməsi və əlavə olunması üçün lazım olan, lakin immun funksiyalarını yerinə yetirməyən "Cas1" və "Cas2" fermentlərini kodlaşdıran genlərin sadələşdirilmiş versiyası kimi "E. Coli" bakteriyalarından istifadə ediblər. Belə bakteriyalar müxtəlif DNT-lərlə toqquşaraq toqquşmalar barədə molekulyar məlumatı saxlayıblar. Öz növbəsində alimlər sonradan hadisələrin xronikasını əldə etmək üçün genomu oxuyublar. 

Tədqiqatçıların fikrincə, texnologiya bu mühitdə hansı mikroorqanizmlərin mövcudluğu barədə informasiyanı yaza bilən sensor bakteriyalar yaratmağa imkan verəcək. Bu cür sensorlardan istifadə torpaq, orqanlar sistemi və atmosferin analizində faydalı ola bilər.

www.popmech.ru

  • Paylaş: