Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

17.06.2016 15:23
  • A-
  • A
  • A+

Yazıçı-publisist Əlisəfa Azayev kürdəmirli oxucularla görüşüb

Yazıçı-publisist Əlisəfa Azayev kürdəmirli oxucularla görüşüb

Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi və AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist Əlisəfa Azayevlə kürdəmirli oxucuların görüşü keçirilib.

Öncə muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Ə.Azayevin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, detektiv janrda yazdığı əsərləri ilə böyük rəğbət qazanan yazıçının 26 adda kitabı təkrar nəşrlə 100000-dən artıq tirajla çap olunub.  

Görüşdə yazıçı-publisistlər Mustafa Çəmənli və Flora Xəlilzadə, şair Kərəm Kürqıraxlı çıxış edərək Ə.Azayevin qanunlarımızı hər zaman ali tutan, savadlı hüquqşünas və əsl vətənpərvər olduğunu vurğulayıblar.

Tədbirdə çıxış edən Ə.Azayevin oxucuları Mehriban Məmmədova, Tofiq Abdullayev, Ağa Zeynalov,  İradə Mahmudova yazıçının əsərlərinin sujet xətti, ideyası, personajları haqqında maraqlı fikirlər söyləyiblər.

Sonra AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və dünya şöhrətli Xalq yazıçısı Çingiz Abdullayevin Ə.Azayevin yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər videolent şəklində monitorda nümayiş etdirilib.

Məktəblilərin yazıçının əsərlərindən hazırladığı kompozisiyalar, o cümlədən xanəndə Reyhan Rəcəbova, müsabiqələr laureatı, gitara ifaçısı Məhəmməd Mustafalı, gənc xanəndə Aysel Soltanovanın çıxışları böyük maraqla qarşılanıb.

Gənc rəssam Fərman Qasımov  tədbir zamanı yazıçının portretini çəkərək sonda maraqlı əl işini yazıçıya təqdim edib.

Daha sonra çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli İcra Hakimiyyətinin başçısı adından Ə.Azayevi təbrik edərək ona yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayıb.

Sonda yazıçı publisist Ə.Azayev oxucuların ona ünvanladığı sualları cavablandırıb, maraqlı görüş üçün hər kəsə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: