Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın Fəxri üzvü, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü  Yuriy Sergeyeviç Osipovun 80 yaşı tamam olur
05.07.2016 10:25
  • A-
  • A
  • A+

AMEA-nın Fəxri üzvü, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Yuriy Sergeyeviç Osipovun 80 yaşı tamam olur

Görkəmli alim, tətbiqi riyaziyyat və mexanika üzrə tanınmış mütəxəssis, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Yuriy Sergeyeviç Osipov 7 iyul 1936-cı ildə Tobolsk (Rusiya) şəhərində anadan olmuşdur.

Y.S.Osipov 1959-cu ildə Ural Dövlət Universitetini bitirmişdir. 1965-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1975-ci ildə professor elmi adını almışdır.

1969-cu ildən SSRİ Elmlər Akademiyasının Ural bölməsinin Riyaziyyat və Mexanika İnstitutunda çalışan alim 1986-1993-cü illərdə bu müəssinin direktoru olmuşdur. 1993-cü ilin iyun ayından isə Rusiya Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutuna rəhbərlik etmişdir. Y.Osipov tətbiqi riyaziyyat və mexanika üzrə mütəxəssisdir. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini idarəetmə nəzəriyyəsi, dayanıqlıq nəzəriyyəsi, differensial tənliklər nəzəriyyəsi və onların əlavələri təşkil edir.

Alim 150-dən artıq elmi əsərin müəllifidir. O, elm və texnika sahəsində Lenin mükafatçısı (1976) və Rusiya Federasiyasının Dövlət mükafatı (1993) laureatıdır.

Y.S.Osipov 1984-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, həmçinin bir sıra xarici elm və təhsil mərkəzlərinin fəxri üzvü və doktoru seçilmişdir.

Rusiya Elmlər Akademiyasında maşınqayırma, mexanika və idarəetmə prosesləri problemləri bölməsinin büro üzvü, "Elm və bəşəriyyət" illik jurnalının redaksiya heyətinin sədri, "Hesablama riyaziyyatı və riyazi fizika" jurnalının baş redaktorudur.

Akademik Y.Osipov 1991-2006-cı illərdə Rusiya Elmlər Akademiyasının prezidenti olmuşdur.

Y.S.Osipov 2002-ci ildə AMEA-nın Fəxri üzvü seçilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: