Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

15.07.2016 09:54
  • A-
  • A
  • A+

Naxçıvanda ilk dəfə qaya işarələri aşkar olunub

Naxçıvanda ilk dəfə qaya işarələri aşkar olunub

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında aparılan araşdırmalar zamanı qaya işarələri aşkar olunub. Naxçıvanda ilk dəfə aşkar olunan bu işarələrin bənzərlərinə Cənubi Azərbaycan və Şərqi Anadoluda rast gəlinib.

Məlum olduğu kimi, Urartular Naxçıvan ərazisini işğal edə bilməsələr də buraya dağıdıcı yürüşlər təşkil etmişlər. Naxçıvanın qədim sakinləri bu yürüşlərin qarşısını almaq üçün möhtəşəm qalalar inşa etmişdir. Sədərək qalası, Oğlanqala, Qarasu qalası, Qız qalası Urartuların qərbdən və Arpaçay vadisindən edilən hücumlarının qarşısını almışdır. Bu istiqamətdə müqavimətə rast gələn düşmən qüvvələri öz hücumlarını Əlincəçay vadisindən gerçəkləşdirmək istəmişdir. Bu istiqamətdə Naxçıvana daxil olan yolları Qazançıqala kimi möhtəşəm qala qoruyurdu. Qaya işarələri Qazançıqala yaxınlığında aşkar olunmuşdur. Geniş bir coğrafiyada yayılan qaya işarələrinin anlamı tam açılmasa da tədqiqatçılar bu işarələrin müəyyən mərasimlərin icrası və qurban kəsmə ilə bağlı olduğunu söyləmişlər.

Belə nəticəyə gəlmək olar ki, Qazançı qalasına hücuma hazırlaşan Urartular Ərəfsə kəndi yaxınlığında dayanaraq qurban kəsmə mərasimi keçirmişlər. Qədim dünyanın bir çox xalqlarında daş dəyişməyən, yenilənməyən əbədi dünyanın simvolu olmuşdur. Qaya işarələrinin də qazılması dini inanclarla bağlı olub onlara uğur gətirməliydi. Lakin Culfa rayonunun köhnə Xoşkeşin kəndi yaxınlığında Urartu kralı Menuaya (e. ə. 810-786) aid kitabə bu yürüşün uğursuzluğundan xəbər verir. Qələbə çala bilməyən Menua Ərəzin kəndindən keçərək Arazın cənubunda Pluadi adlı yerdə Urartuların baş tanrısı Xaldinin şərəfinə qala və məbəd tikdirir, qurban kəsdirir. Urartu krallarının dağıdıcı yürüşlərinə baxmayaraq onlar heç vaxt bu ərazini işğal edə bilməmişlər. Baş tanrının şərəfinə Naxçıvanda deyil Arazın cənubunda qala və məbəd tikdirilməsi onların bu ərazidə möhkəmlənə bilmədiyini təsdiq edir. Onların işğal etdikləri ərazidə Urartuların Naxçıvanda məskunlaşması ilə bağlı heç bir epiqrafik və arxeoloji dəlil yoxdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: