Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.07.2016 09:30
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin musiqi mədəniyyəti bölməsi yenidən qurulub

Milli Azərbaycan Tarixi Muzeyinin musiqi mədəniyyəti bölməsi yenidən qurulub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “XIX- XX əsrin əvvəllərində Azərbaycanın musiqi mədəniyyəti” bölməsi yenidən qurulub.

Bölmədə qurulmuş üç vitrində 28 eksponat, bir rəsm əsərinin surəti, çoxlu sayda tarixi fotoşəkillər, həmçinin 11 informasiya-məlumat paneli yerləşdirilib. Eksponatlar sırasında görkəmli xanəndə Cabbar Qaryağdıoğluya məxsus qaval, 1887-ci ildə İranın Rəşt şəhərində keçirilən muğam müsabiqəsində qalib gəlmiş görkəmli tarzənimiz Mirzə Fərəc Rzayevə hədiyyə verilmiş tar, musiqi xadimi Süleyman Mansurovanın tarı, görkəmli ustad Aşıq Hüseyn Bozalqanlının sazı, tar ifaçısı və musiqi xadimi Əhməd ağa Bakıxanovanın tütəyi, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun balabanı, bəstəkar Zülfüqar Hacıbəyovun kamançası xüsusi maraq oyadır. Burada, həmçinin nadir tərtibatı ilə seçilən və XIX əsrə aid kamança (üzərində “Şuşa, 1881” yazısı ilə), səntur simli alətləri, tütək, tütək-ney, zurna, yastıbalaban, ney nəfəs alətləri, qaval, nağara, qoşa-nağara, dümbək kimi zərb alətlər təqdir edilir.

Nadir eksponatlardan biri tanınmış tarzən Qurban Primova məxsus qramofondur. Bu musiqi aləti Q.Primovun rəhbərlik etdiyi ansamblın ifasında Azərbaycan mahnılarının qramofon valına yazılması münasibətilə Varşavanın “Sport-Records” şirkəti tərəfindən hədiyyə olunub. XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid edilən və Azərbaycan mahnıları yazılmış qramofon valları da xüsusilə diqqəti cəlb edir. XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid çoxlu sayda fotolarda (onların böyüdülmüş surətləri ekspozisiyada təqdim edilir) həmin dövrün Azərbaycan ansamblları, musiqi alətləri, görkəmli musiqişünasları əks olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: