Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.07.2016 17:06
  • A-
  • A
  • A+

Qəbələdə “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib

Qəbələdə “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib

İyulun 20-də Qəbələ şəhərində Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na əsasən qədim Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Norveç, Türkiyə və Rusiyadan olan görkəmli albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar, Qəbələdə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbinin təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastırının mitropoliti Salib Özmen, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili çıxış edib.

Çıxışlarda Azərbaycanda “Multikulturalizm ili”ndə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğu bildirilib, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışılıb. Qeyd olunub ki, yaradılan şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrilib.

Bildirilib ki, multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir.

Çıxışlarda qeyd olunub ki, 1836-cı ildə Alban kilsəsinin ləğv edilərək erməni Qriqoryan kilsəsinə birləşdirilməsi nəticəsində albanlara, o cümlədən udilərə qarşı böyük ədalətsizlik edilib. Hazırda udilərin hüquqlarının və ədalətinin bərpası istiqamətində işlər görülür. Azərbaycan hökuməti bu məqsədlə Alban-Udi İcmasına lazımi dəstək verir, icmanın fəaliyyəti üçün şərait yaradır.

Beynəlxalq tədbirdə “Qafqaz Albaniyası və tarixi-coğrafi aspektdə genetik təhlil”, “Yerusəlimdən Kişə”, “Alban apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın Alban-Udi Xristian İcması” mövzusunda məruzələr dinlənilib.

Sonra konfrans işini plenar iclaslarla davam etdirib. Yerli və xarici albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar və ictimaiyyət nümayəndələri mövzu üzrə məruzələr edib, müzakirələr aparıblar.

Konfrans iştirakçıları Nic qəsəbəsinə səfər edərək, Müqəddəs Yelisey Alban kilsəsi ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: